ELM VƏ TƏHSİL
Neft və Sənaye Universiteti Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE) tamhüquqlu üzvləri sırasına qoşulub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
2006-cı ildə təsis edilmiş AASHE ali təhsil müəssisələrinin davamlı inkişaf prinsiplərinə sadiqliyini gücləndirmək və onların bu istiqamətdə fəaliyyətini dəstəkləmək üçün qlobal səviyyədə tanınmış bir platformadır.
Bu üzvlük universitetin beynəlxalq arenada mövqeyini gücləndirərək, qlobal davamlılıq təşəbbüslərində fəal iştirak etməsinə imkan verəcək, ekoloji, sosial və iqtisadi sahələrdə daha dayanıqlı bir gələcək qurmaq üçün göstərdiyi səyləri dəstəkləyəcək, eləcə də ADNSU-ya davamlılıq sahəsində aparıcı beynəlxalq təcrübələrə çıxış imkanı yaradacaq.