Neftçalada karantin rejimi qaydalarını pozaraq yas mərasimi keçirən şəxslər cərimələniblər
Bakı, 12 avqust, AZƏRTAC
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan olunan xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğunu aşkarlayıblar. Mərasim dayandırılıb və oradakı 17 nəfər polis şöbəsinə gətirilib. Onlardan 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunub, 4 nəfərə isə xəbərdarlıq edilib.