“Neftçi”nin baş məşqçisi: Oyun çox çətin keçdi
Bakı, 6 mart, AZƏRTAC
Oyun kənardan rahat görünə bilər, amma çox çətin keçdi.
AZƏRTAC xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov evdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
Qırx dörd yaşlı mütəxəssis bildirib ki, qol vurmadıqca futbolçularda tələskənlik görünürdü: “Bundan əlavə bizdə də həyəcan artırdı. Futbolçular qələbə istəyini saxladılar. Təmkini saxlamaq və panikaya düşməmək vacibdir. Futbolçular bunu göstərdi. Onları təbrik edirəm”.
Abasov heç bir oyunçunu xüsusi qeyd etmək istəmədiyini vurğulayıb: “Onları anlayıram. Bəziləri uyğunlaşma dövrü keçirlər. Əsas odur ki, məşqlərdə və oyunlarda özlərini göstərməyə çalışırlar, istəklidirlər”.
Abasov Ramon Maçadonun start heyətdə meydana çıxmamasına da toxunub: “Sizcə, Maçado bizim üçün yararlıdır? Daha əvvəl deyirdiniz ki, o, “Neftçi”yə yararsızdır. İki həftə əvvəl səbir etmək olmazdı? Tiaqo da ondan geri qalmır. Əvvəl də məşqçi pis olurdu, indi də. Komandada balansı qorumaq çox önəmlidir. Bu gün Maçado oynamasa belə, bunu anlayışla qəbul edəcək. Tiaqonu da komanda ruhunda saxlamaq önəmlidir. Ümumiyyətlə, çempionatımızda onun kimi oyunçu yoxdur. Heç kim bizdən inciməsin. Bizim yalnız öz oyunlarımız önəmlidir. İlk “dördlük”dəki komandalarla qarşılaşanda stresə düşməməliyik. Sabah “Qarabağ”-“Qəbələ” matçında hansı nəticə qeydə alınsa, qazanan biz olacağıq”.
Mütəxəssis Xəyal Nəcəfovun zədə səbəbindən fasilədə əvəzləndiyini söyləyib: “Ayağına zərbə aldı. Vəziyyəti yaxşı deyil. Ola bilər, onu uzun müddətə itirək. Sosial şəbəkə istifadəçilərindən heyət qurmalarını istəsək, hərəsi fərqli komanda quracaq. Əsas odur, biz nə fikirləşirik”.
Abasov son olaraq Ukraynada çıxış edən azərbaycanlı futbolçularla maraqlanmadıqlarını diqqətə çatdırıb: “Bununla bağlı söhbət getmir. Tezliklə müharibənin bitməsini arzulayırıq. Heç bir futbolçu ilə danışıq olmayıb. Belə fikrimiz də yoxdur”.
Aftandir Hacıyev: “Rəqiblə müqayisədə bir gün az dincəldik. Meydanda futbolçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Fərdi səhvlərdən iki qol buraxdıq. Bu il fərqli “Neftçi” izləyirik. Meydanda daha intizamlıdırlar. İlk yarıda hər iki kollektiv daha ehtiyatlı davrandı. Fasilədən sonra rəqib təzyiqi artırdı. Bu da nəticəni müəyyənləşdirdi”.
O, meydana xal qazanmaq üçün çıxdıqlarını söyləyib: “Təəssüf ki, alınmadı. Mövqeyimiz bəllidir. Nə qədər mübarizə apara biləcəyiksə, bunu etməyə çalışacağıq. Futbolçuların istəyi məni qane etdi. Daha yaxşı mövqeyə yalnız əzmkarlıqla qalxa bilərik. Ustalıq baxımından rəqiblərdən geri qalırıq. Hər tur rəqiblərə belə müqavimət göstərməyə çalışacağıq”.
Hacıyev yeni mövsümdən iddialı olmaları barədə yayılan xəbərlərə də münasibət bildirib: “Bu barədə danışmaq tezdir. Amma bir hərəkətlilik var, rəhbərlik səviyyəsində görüşlər olub. Bir istək var. Belə görüşlər tez-tez olacaq. Növbəti mövsümə daha yaxşı “Səbail” hazırlamaq üçün əlimizdən gələni edəcəyik. Növbəti mövsüm barədə dəqiq bir şey demək olmaz”.
Baş məşqçi “ASCO Arena”nın ot örtüyünün yaxşı olmamasına da toxunub: “Bütün futbol ictimaiyyəti bundan narazılığını bildirib. Ən çox əziyyət çəkən də bizim futbolçulardır. Göz görə-görə onları istismar etmək istəmirik. Gənc oyunçuların gələcəyini düşünməliyik. Ona görə də bəzi məşqləri Bakı Olimpiya Stadionunda keçiririk”.