CƏMİYYƏT
“Neolit” restoranının ərazisində ağacların məhv edilməsi ilə bağlı prokurorluqda istintaq aparılır

Bakı, 22 iyul, AZƏRTAC
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən “Neolit” MMC-yə məxsus “Neolit” restoranının ərazisindəki torpaq sahəsində ağacların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.
Aparılmış araşdırmalarla “Neolit” restoranının arxa hissəsindəki ərazidə betonlama işləri həyata keçirilərkən ağacların həyətin digər hissəsinə köçürülməsinə görə çinar ağaclarından 9 ədəd kök üstə quruması, 21 şam ağacının məhv edilməsi nəticəsində təbiətə 37 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3-cü, 259.2.4-cü (qanunsuz ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Hazırda Baş İdarə tərəfindən istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.