NEONATOLOQLAR KÖRPƏ ÖLÜMÜ PROBLEMİNİ MÜZAKİRƏ EDİRLƏR
İnstitutun direktoru Faizə Əliyeva konfransı açaraq bildirmişdir ki, bu tədbir prezidentlər İlham Əliyevlə Vladimir Putinin iştirakı ilə start götürən ölkəmizdə Rusiya İli çərçivəsində birinci Azərbaycan-Rusiya elmi forumudur. O, Azərbaycanda körpə ölümü probleminin kəskinliyindən danışarkən bildirmişdir ki, əgər 1989-1991-ci illərdə yeni doğulan hər 7 körpədən birinin təcili tibbi yardıma ehtiyacı var idisə, 2000-ci ildən etibarən hər ikinci körpə bu problemlə qarşılaşmışdır. Ən yüksək ölüm faizi körpələrin həyatının ilk həftəsinə düşür və bunun əsas səbəbi dölün hipoksiyası (oksigen çatışmazlığı), körpə asfiksiyası (boğulması), doğuş zədələridir.
Konfrans iştirakçıları belə bir yekdil fikirdə olmuşlar ki, körpələrin ölümünə daha çox tibb heyətinin peşəkarlığının aşağı səviyyədə olması, müasir müalicə-diaqnostika aparatlarının yoxluğu gətirib çıxarır.
Ölkəmizin bütün bölgələrindən həkim-neonatoloq və mamaların iştirak etdikləri konfrans çərçivəsində körpə sağlamlığının mühafizəsinə dair “dəyirmi masa”lar, institutda məşğələlər keçiriləcək, Rusiya zavodunun istehsalı olan neonatal texnikasının imkanları nümayiş etdiriləcəkdir.