Nəsimi rayonunda Ümummilli Liderin doğum günü münasibətilə iməcilik keçirilib
Bakı, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Nəsimi rayon ərazisində ümumrayon iməciliyi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iməciliyin əsas məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olub.
İməcilikdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və aparatın kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Həmin gün rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, park və bağlarda 50.000 gül kolu, 3000-dən artıq həmişəyaşıl ağac, 400 dekorativ ağac əkilib və 2000 kvadratmetrdən çox qazon döşənib.
Nəsimi rayonunda son illər genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Bu tədbirlərdə sakinlər, idarə və təşkilatların nümayəndələri fəallıq nümayiş etdirirlər. Rayonda yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji mühitin sağlamlaşdırılmasına və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlərin miqyası artır. İməciliyin rayonun bütün idarə, müəssisə və təşkilatları tərəfindən davam etdirilməsi nəzərdə tutulur.