NİZAMİ BƏHMƏNOV: “BİZ HÖKMƏN ÖZ TORPAQLARIMIZA QAYIDACAĞIQ”
AŞPA-nın Siyasi Məsələlər Komitəsinin məruzəçisi Terri Devis aprelin 14-də Milli Məclisdə Dağlıq Qarabağın azərbaycanlı icmasının və işğal olunmuş digər ərazilərin nümayəndələri ilə görüşmüşdür.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov qonağı salamlayaraq demişdir ki, biz Azərbaycanda cənab Terri Devisi ədalətli siyasətçi kimi tanıyır və ümid edirik ki, onun bölgəyə səfəri Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru addım olacaqdır.
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayon icra hakimiyyətinin başçısı Nizami Bəhmənov Dağlıq Qarabağda 1989-cu ildə Sovetlər Birliyinin apardığı əhalinin siyahıya alınmasını, Ermənistanda S-300 zenit raket komplekslərinin yerləşdirildiyi ərazini, Şuşa rayonunun əhalisini və ərazisini (SSRİ dövründə tərtib olunmuş xəritədə 32 yaşayış məntəqəsinin yalnız 5-də ermənilərin yaşadığı göstərilir), Ermənistanın hava və quru sərhədlərini əks etdirən sənəd və xəritələri, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini, ermənilərin törətdikləri vəhşilikləri və ASALA erməni terror təşkilatının fəaliyyətini əks etdirən kitabı, işğal olunmuş ərazilərdəki qədim abidələrimizə dair fotoşəkilləri qonağa təqdim etmişdir. N.Bəhmənov demişdir ki, azərbaycanlılar öz torpaqlarını geri qaytarmağa qadirdirlər. Amma biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq və Dağlıq Qarabağın azərbaycanlı icması, eləcə də işğal altında olan ətraf rayonların əhalisi müdrik siyasətçi Prezident Heydər Əliyevin siyasi xəttini dəstəkləyir.
Ətraflı məlumata, təqdim olunmuş sənədlərə görə minnətdarlıq edən Terri Devis bu görüşə xüsusi əhəmiyyət verdiyini bildirərək demişdir ki, hazırlayacağı məruzənin tam obyektivliyini təmin etmək üçün təkcə kimlərinsə məruzəsini dinləmək, kitablar oxumaq azdır. Ən yaxşı və dəqiq məlumatı özün gördükdən sonra əldə etmək olar.
Görüşdə mədəniyyət naziri Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının birinci katibi Vasif Adıgözəlov, Füzuli rayonu icra hakimiyyətinin başçısı Nəbi Muxtarov, Füzuli və Zəngilan rayonlarından Milli Məclisin deputatları Bahar Muradova və İmamverdi İsmayılov iştirak etmişlər.
Terri Devis həmin gün müxalifətdə olan siyasi partiyaların nümayəndələri ilə də görüşmüşdür.