Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
Ankara, 16 iyun, AZƏRTAC
Şuşa Bəyannaməsi təhlükəsizlik modelinə çevrilib. Belə bir taleyüklü sənədin imzalanması ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın uğurları sayəsində mümkün olub.
Bu fikri AZƏRTAC-ın müxbirinə açıqlamasında Türkiyənin Qafqaz Universitetinin (Qars şəhəri) dosenti, beynəlxalq münasibətlər üzrə ekspert Halit Hamzaoğlu ifadə edib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Türkiyənin siyasi dəstəyi sayəsində qazanılmış Zəfərin yekunları Cənubi Qafqazda vəziyyətə təsir göstərməklə yanaşı, həm də bütün dünya geosiyasətində öz əksini tapıb.
Agentliyin müsahibi Türkiyə ilə Azərbaycan arasında müdafiə və hərbi-sənaye sektorlarında əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan Şuşa Bəyannaməsinin müddəalarını vurğulayaraq, onları təhdidlərin qarşısının alınması üçün təsirli mexanizm adlandırıb.
H.Hamzaoğlu qeyd edib: “Ankara və Bakının potensial düşmənləri artıq Şuşa Bəyannaməsini görməzdən gələ bilmirlər; onlar planlarını düzəltməyə və iki qardaş ölkənin birgə cavab addımları ehtimalını hesablamağa məcburdurlar”.
Universitetin dosenti Şuşa Bəyannaməsinin uğurunun digər türk dövlətlərində təhlükəsizlik modeli kimi təhlil edildiyinə əminliyini bildirib. O əlavə edib: “Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqə regional təhlükəsizlik arxitekturasının təməllərinə təsir göstərir, Ankara və Bakının maraqlarına xidmət edən yeni status-kvonu formalaşdırır. Eyni zamanda, Cənubi Qafqazdakı vəziyyətə qlobal təhlükəsizlik gündəliyinin konturlarından təcrid olunmuş şəkildə baxmaq olmaz. Qlobal proseslərdəki dəyişikliklərdən Ankara və Bakının xeyrinə tam şəkildə yararlanmaq vacibdir”.
Ekspert daha sonra Şuşa Bəyannaməsinin iqtisadi təhlükəsizliyin təmin edilməsində və nəqliyyat dəhlizlərinin inkişafında rolu barədə fikirlərini bölüşüb.
O qeyd edib ki, bu gün dövlət təhlükəsizliyi yalnız müdafiə və ya kəşfiyyatla məhdudlaşmır. Hibrid təhdidlər də aşkar şəkildə özünü göstərir, ölkələrin iqtisadiyyatına da təsir edir.
“Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr, Zəngəzur Dəhlizinin işə salınması da daxil olmaqla birgə layihələr və təşəbbüslər Orta Dəhliz marşrutu boyunca iki qardaş ölkənin potensialını gücləndirir, bununla da rəqiblərə qarşı “qalxan” effekti yaradır. Bütün bunlar Şuşa Bəyannaməsini bütün dünyaya ünvanlanmış strateji müttəfiqlərin “manifestinə” çevirir”, - deyə Qafqaz Universitetinin dosenti sözlərini yekunlaşdırıb.