Nizami rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial aksiya təşkil olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Missiya Media Qrupu 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial aksiya təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, qəhrəman Vətən övladlarının əziz xatirəsini hörmət və ehtiramla anıblar.
Sonra Nizami rayonu ərazisində yaşayan 20 Yanvar əlilləri və şəhid ailələri ziyarət edilib.
Partiya fəalları şəhid ailələri üzvlərinin və əlillərin qayğıları ilə maraqlanıb, onlara yardım göstəriblər.
Qeyd olunub ki, faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından, sağlamlığından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki dövlət müstəqilliyimizin bərpası yolunda ilk cığırları onlar açıblar. Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Şəhidlərin xatirəsi əbədiləşdirilib, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilib. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlillərinə və şəhid ailələrinə diqqət və qayğı göstərir.
Şəhid ailələrinin üzvləri və əlillər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısı tərəfindən bu gün onlara göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.