CƏMİYYƏT
Nizami rayonunun gəncləri üçün yay təcrübə məktəbi təşkil olunacaq
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Nizami rayonunda istedadlı gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların gələcəkdə işlə təmin olunması məqsədilə yeni layihə icra olunacaq.
AZƏRTAC xəbər verir ki, Bakının Nizami rayonunun gənc sakinləri üçün nəzərdə tutulan yay təcrübə məktəbi layihəsinə iyulun 1-dən start veriləcək. Nizami rayonundan seçilmiş deputat Könül Nurullayevanın təşəbbüsü ilə reallaşacaq layihə iki ay davam edəcək.
“Gənclər üçün yay təcrübə məktəbi” dördüncü kurs tələbələri və ali məktəbi yeni bitirən məzunlar, həmçinin tibb təhsilinin rezidentura pilləsində təhsil alan gənclər üçün nəzərdə tutulur. Belə ki, iki ay ərzində gənclərə öz ixtisaslarına uyğun olaraq, təcrübəli, beynəlxalq dərəcəli təlimçilər tərəfindən ölkədə tələb olunan karantin qaydalarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişlərinə riayət olunaraq təcrübə proqramı keçiləcək. Gənclərin müxtəlif sahələrdə tanınmış və nüfuzlu şəxslərlə, eyni zamanda, Nizami rayonunda məskunlaşan, ali məktəblərə qəbul zamanı 700 bal toplayan gənclərlə görüşləri təşkil olunacaq.
Layihənin sonunda tərəfdaşlara kriteriyalar təqdim olunacaq. Eyni zamanda, bəzi şirkətlərin daxili seleksiya qaydaları çərçivəsində iştirakçıların həmin kriteriyalara uyğunluğu müəyyənləşdiriləcək. Ən uğurlu nəticə göstərən 20-yə yaxın iştirakçı xüsusi karantin rejimindən sonra təlimçilərlə birlikdə Azərbaycanın bölgələrinə səyahət imkanı əldə edəcəklər.
Layihənin tərəfdaşları - “ASAN xidmət”, DOST mərkəzləri, “Regional İnkişaf” İctimai Birliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, SOCAR-ın idarələri, Azərbaycan Sənaye Korporasiyasının mərkəzi ofisi və Bakıdakı törəmə müəssisələri, “Paşa Bank”, “Access Bank”, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, “Modern Hospital”, İctimai Televiziya, həmçinin IT üzrə nüfuzlu “Cybernet” MMC, eləcə də digər dövlət və özəl təşkilatlardır.
Müraciət üçün namizədlər CV-lərini iyunun 26-da saat 21:00-dək [email protected] ünvanına göndərməlidirlər. Əlaqə nömrələri: Tel: 012 422-22-41 və 055 276-23-75.