OĞUZDA İDMAN KOMPLEKSİNİN TƏMƏLİ QOYULMUŞDUR
Rayon İcra hakimiyyətinin başçısı Kamil Rəhimov kompleksin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı çərçivəsində müasir standartlara uyğun inşa ediləcəyini bildirmişdir.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatı Eyvaz Qurbanov və başqaları əlamətdar gün münasibətilə rayonun idman ictimaiyyətini təbrik etmiş, son illər respublikamızın ayrı-ayrı rayonlarında dünya standartlarına cavab verən müasir idman qurğularının inşa edilməsini Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər. Onlar gələcəkdə bu möhtəşəm idman kompleksində respublika və beynəlxalq səviyyəli yarışların keçiriləcəyinə əminliklərini bildirmişlər.
Sonra idman kompleksinin təməlinə ilk beton qarışığı tökülmüşdür.
Yeni idman qurğusunun tikintisinə 5,5 milyon manat vəsait xərclənəcəkdir. Kompleksdə 25 metrlik üzgüçülük hovuzu, güləş və idman oyunları, məşq salonları, inzibati otaqlar, 3 min tamaşaçı yeri olan futbol stadionu, 2 tennis kortu, əl oyunları meydançaları, habelə 30 nəfər idmançının qalması üçün nəzərdə tutulan 5 ədəd kottec inşa ediləcəkdir. Tikintini rayonda fəaliyyət göstərən “Rövşən-Oğuz” şirkəti həyata keçirir. Kompleksin 2008-ci ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulur.