Oğuzlu şəhid Tural Məmmədovun xatirəsi anılıb
Oğuz, 15 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun Sincan kənd kitabxanasında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tural Məmmədovun atası ilə görüş keçirilib.
Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə “Kəndimizin iki şəhidi” adlı sərgi ilə tanış olublar.
Tədbirdə şəhid Tural Məmmədovun həyat və döyüş yolundan söz açılıb, qəhrəmanlığından bəhs edilib. Şəhidin atası Arif Məmmədov bildirib ki, Turalın Suqovuşan-Talış istiqamətindəki strateji yüksəkliklər uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq nəticəsində düşmənin 3 tankı, içərisində tabor komandirinin də olduğu “Niva” avtomobili, həmçinin xeyli sayda canlı qüvvəsi məhv edilib. Tural Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Tədbirdə vurğulanıb ki, xalqımız Vətən və mənəvi dəyərlər naminə həmişə döyüşüb və bu yolda ölməyi yaşamaqdan üstün tutub. Müqəddəs ali məqama - şəhidlik zirvəsinə yüksələnləri xalqımız daim xatırlayır və qəlbində yaşadır.