OLİMPİYA BARIŞINA ƏMƏL ETMƏK ÇAĞIRIŞI
Pekin Olim0piadasının açılışı ərəfəsində BMT-nin baş katibi Pan Gi Mun müraciətlə çıxış etmişdir. Müraciətdə deyilir ki, insan ruhunun təntənəsi olan Olimpiya Oyunları “daha sürətlə, daha hündürə, daha güclü” şüarı altında kamilliyə can atan və müxtəlif ölkələri, ən müxtəlif sosial təbəqələri, mədəni ənənələri təmsil edən atletləri bir araya toplayır. Lakin oyunların ən ali dəyəri onların bəşəriyyəti ümumi amallar - bərabərlik, idman şərəfi, dözümlülük və ən başlıcası, sülh amalları ətrafında birləşdirə bilməsidir.
Bu dəyərlər sülh mədəniyyətinin, tərəqqinin, insan ləyaqətinin bərqərar olması üçün idmanın verdiyi imkanlardan istifadə edən Olimpiya hərəkatının mahiyyətini əks etdirir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsasını təşkil edən eyni dəyərlər təşkilatın səylərini insanların maddi rifahının yüksəldilməsinə, insan hüquqlarının müdafiəsinə, qarşılıqlı anlaşmanın yaxşılaşmasına və bütün dünyada əməkdaşlığın möhkəmlənməsinə yönəldir. Olimpiya hərəkatı və Birləşmiş Millətlər Təşkilatı bəşəriyyətin ən ulu ideallarının həyata keçirilməsi uğrunda mübarizədə çempionlar komandasıdır.
Birləşmiş Millətlər Təşkilatını və Olimpiya hərəkatını birləşdirən komanda ruhu oyunların keçirildiyi müddətdə bütün dünyada silahlı əməliyyatların dayandırılmasını nəzərdə tutan Olimpiya barışında daha bariz və daha aşkar təzahür edir.
Bu barış zaman etibarilə məhdud olsa da, onun potensialı hədsizdir. O, bizə bir an ayaq saxlayıb müharibənin ağır nəticələri barədə düşünməyə, dialoqa başlamağa və insanların iztirablarını yüngülləşdirməyə imkan yaradır. Bu barış hamıya sübut edə bilər ki, əgər biz çalışsaq, hətta ən çıxılmaz görünən vəziyyətlərdə belə sülhə nail olmaq mümkündür.
BMT-nin baş katibinin bəyanatında deyilir: “Lakin Olimpiya barışı yalnız o halda əhəmiyyət kəsb edir ki, ona həqiqətən əməl olunsun. Beynəlxalq Olimpiya Komitəsinə, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə qoşularaq, hazırda müharibə vəziyyətində olanların hamısını bu barışa əməl etməyə çağırıram. Qoy onlar müvəqqəti də olsa, silahı yerə qoysunlar, çünki bu, hələ oyunlar başlayana qədər bəşəriyyətə qələbə gətirəcəkdir.