ÖLKƏYƏ İSRAİL İSTEHSALI OLAN 19 YENİ SUTƏMİZLƏYİCİ QURĞU GƏTİRİLMİŞDİR
Bakı, 19 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kür-Araz boyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat Mərkəzi ölkənin yaşayış məntəqələrində quraşdırılmış modul tipli sutəmizləyici qurğuların istismarı ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə tədbirləri davam etdirir.
Belə ki, yerlərdə qurğulara xidmət göstərən şəxslərlə əmək müqavilələri bağlanmış, qurğuların istismarı zamanı yaranmış elektrik enerjisi sərfi ilə bağlı borcların ödənilməsi və müvafiq bələdiyyələrlə qurğuların istismarı ilə bağlı müqavilələrin bağlanması istiqamətində işlər aparılır.
Qeyd edək ki, yerli şəraitə uyğun, müasir texnologiyaların tətbiqi hesabına suyun beynəlxalq standartlara uyğun təmizlənməsini təmin edən, ənənəvi su təchizatı metodları ilə müqayisədə tez və ucuz başa gələn metodla təkcə 2007-2009-cu illər ərzində ETSN tərəfindən 122 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Qurğuların quraşdırılması ilə bərabər müvafiq bölüşdürücü infrastrukturun yaradılması da həyata keçirilmişdir.
Qurğular Türkiyədən, Cənubi Koreyadan və İsraildən gətirilmişdir və bu istiqamətdə işlər davam edir. Hazırda ölkəyə İsrail istehsalı olan 19 qurğu gətirilib və daha 13 ədədi Poti limanındadır.
Bununla bağlı, 700 kilometrdən çox bölüşdürücü şəbəkə çəkilmiş, 1700-dən çox supaylayıcı bulaq-məntəqələri tikilmiş, üzlüklə örtülmüş, 2700 kubmetrdən artıq dəmir-beton özüllər tökülmüş, kilometrlərlə elektrik xətləri çəkilmişdir. Qurğular quraşdırılmış kəndlərin bir neçəsində elektrik transformatoru, elektrik enerjisinin aşağı olması səbəbindən demək olar ki, bütün qurğularda elektrik tənzimləyiciləri (requlyatorlar) quraşdırılmışdır. Hər bir qurğuda suyun təmizlənmə prosesində yığılıb qalan lilin təmizlənməsi üçün borular çəkilmişdir. Qurğuların və supaylayıcı bulaq-məntəqələrinin ətrafında abadlaşdırma işləri aparılmışdır.