OMBUDSMAN HANA SİNGERLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, E.Süleymanova H.Singeri yeni təyinatı münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. O, uşaq hüquqlarının əsas insan hüquq və azadlıqları arasında mühüm yer tutduğunu, bu gün uşaqlar üçün yararlı dünya yaratmaq ideyasının gerçəkləşməsi istiqamətində zəruri addımlar atıldığını söyləmiş, respublikamızda YUNİSEF-in dəstəyi ilə uşaq hüquqlarının qorunması istiqamətində mühüm proqramlar həyata keçirildiyini, gənc nəslin təlim-tərbiyəsi, təhsili, sağlamlığı və digər məsələlərlə bağlı bir sıra problemlərin öz həllini tapdığını qeyd etmişdir.
Müvəkkil YUNİSEF-in strateji planlarının konkretləşdirilməsi və təkmilləşdirilməsinin, uşaq resurs mərkəzlərinin texniki təminatının yaxşılaşdırılmasına bu nüfuzlu beynəlxalq təşkilatın dəstək verməsinin, uşaq hüquqları ilə bağlı milli qanunvericilik sənədlərinə əlavə və dəyişikliklər edilməsinin, birgə fəaliyyət planının, səmərəli tədris modullarının yaradılmasının, şagirdlərə sağlam həyat tərzinin, milli-mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin aşılanması üçün proqramların hazırlanmasının, qaçqın uşaqların sağlamlıq və təhsil problemlərinin həllinin, xüsusi ehtiyacı olan xəstə uşaqlara diqqətin artırılmasının zəruriliyini vurğulamışdır. O, sentyabrın 15-də Bilik günü münasibətilə uşaq evlərində, internat məktəblərdə birgə tədbirlər keçirməyi təklif etmişdir.
H.Singer bu görüşü və işgüzar müzakirəni yüksək dəyərləndirmiş, əməkdaşlığın yeni mərhələsinin uğurlu alınacağına ümidvar olduğunu bildirmişdir.