ON YEDDİ İLDİR Kİ ERMƏNİLƏR FÜZULİ RAYONUNUN TƏBİİ SƏRVƏTLƏRİNİ TALAN EDİR
Bakı, 21 avqust (AZƏRTAC). Füzuli rayonunun işğalından 17 il keçir. 1993-cü il avqustun 23-də ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, Füzuli rayonunda ümumi ehtiyatları 58858 min kubmetr olan və mişar daşı istehsalına yararlı olan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kubmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kubmetr olan Quruçay qum-çınqıl qarışığı yataqları vardır.
Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunmuşdur.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min kubmetr/gün həcmində hesablanmışdır.
ETSN “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair faktlar aşkarlamışdır. Belə ki, geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılmışdır. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilmişdir. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılmışdır. 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılmışdır.