Onlayn konfransda Azərbaycan gənclərinin fədakarlığından danışılıb
Şamaxı, 2 fevral, AZƏRTAC
Şamaxıda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə onlayn konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn konfransa rayon gənclər və idman idarəsinin kollektivi, gənc könüllülər, tələbə gənclər təşkilatlarının və ictimai birliklərin nümayəndələri, Vətən müharibəsinin qaziləri, idmançılar və digər fəal gənclər qoşulublar. Öncə iştirakçılar torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov rayonda 2020-ci il ərzində görülən işlər, bu sahədə gənclərin fəaliyyəti barədə geniş məlumat verib. Sonra Milli Məclisin deputatı Tamam Cəfərova, Vətən müharibəsinin qazisi Rasim Hacıyev, “Əngəlsiz Düşüncə” sosial inkişafa yardım ictimai birliyinin sədri Mətanət Qüdsi, YAP rayon təşkilatı gənclər birliyinin sədri Nuranə Məmmədova çıxış ediblər. Çıxışlarda ötən il sentyabrın 27-də başlanan və 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gənclərinin fədakarlığından danışılıb. Bu qələbədə şamaxılı gənclərin də öz Vətəninə, torpağına olan sevgisindən, döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, qazi adını qazanan oğullarından bəhs olunub.
Onlayn konfransın sonunda il ərzində rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəallıq göstərən, bədən tərbiyəsi və idman sahəsində fərqlənən bir qrup gənc Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunub.