“Osten” qasırğası Fransada 161 minə yaxın evi elektriksiz qoyub
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də saat 07:00-da Fransada, xüsusən də Bretanidə və Pei-de la Luar bölgəsində, habelə Normandiyada təxminən 161 min ev “Osten” qasırğası səbəbindən elektriksiz qalıb.
AZƏRTAC xəbər verir ki, dövlətə məxsus elektrik şirkəti “Enedis” şərait imkan verdikdə müdaxilə edəcəyini, 2 mindən çox işçisinin səfərbər olunduğunu bildirib.
Nəqliyyat naziri Filipp Tabaro “X” platformasında xəbərdarlıq edib: “Osten” qasırğası hazırda ölkəmizin şimal və qərb hissəsini əhatə edib”.
Fransa mediasının məlumatına görə, Finister prefekturasında qasırğanın nəticələrini aradan qaldırmaq, o cümlədən yolları təmizləmək üçün 45 yanğınsöndürən və 100-dən çox departament işçisi cəlb edilib.
Meteorologiya xidmətinin məlumatına görə, Bretanidə və Pei-de la Luar bölgəsində küləyin sürəti bütün aylıq rekordları qırıb. Uessan adasında küləyin sürəti saatda 158 kilometrə çatıb. Bretani sahilində, Kot-d'Armor departamentindəki Pluamanaş yaxınlığında isə küləyin sürəti saatda 131 kilometr olub.
Güclü küləklər, həmçinin Nantdakı Sen-Nazer və Şevir də daxil olmaqla bir neçə körpünün bağlanmasına səbəb olub. Hava limanının veb-saytına görə, cümə gününün səhəri Nant hava limanından yola düşməsi planlaşdırılan bütün “Transavia” reysləri ləğv edilib. Digər aviaşirkətlər uçuşları davam etdirir. Sena-Maritim və Kalvados çaylarını birləşdirən Normandiya körpüsü səhər saat 10:00-dan etibarən nəqliyyat üçün tamamilə bağlanıb.
Ehtiyat tədbiri olaraq, Normandiyada, habelə Bretani və şimal xətlərində qatarların hərəkəti dayandırılıb və şənbə günü fasilələr gözlənilir. Bu barədə SNCF şirkəti xəbərdarlıq edib.