ELM VƏ TƏHSİL
Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 6 min 119 müraciət daxil olub
Bakı, 2 avqust, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyul ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, qeyd olunan müddət ərzində 6 min 119 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1137 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3010 vətəndaş müraciəti daxil olub. 204 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1512 sənəd (vətəndaşlar tərəfindən 348 ərizə, Təhsil Nazirliyindən 139, digər qurumlardan 142, məktəblərdən 288 məktub, 54 strukturdaxili yazışma və 541 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 256 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.