ÖTƏN DÖRD İLİN UĞURLARI VƏ GƏLƏCƏYƏ ÜMİDLƏR
Federasiyanın mətbuat xidmətinin materialında bildirilir ki, Mehriban xanım Əliyeva 2002-ci ilin oktyabrında AGF-nin prezidenti seçildikdən sonra, ilk növbədə, gimnastikanın inkişafının iki hissədən ibarət kompleks strategiyası hazırlanmışdır. Birinci hissə ölkəmizdə gimnastikanın hərtərəfli inkişaf etdirilməsinə yönəldilmişdir, ikincisi isə geniş beynəlxalq əməkdaşlıq sistemi yaratmaq məqsədi daşıyır.
Arxada qalan 4 ili təhlil edib demək olar ki, bu qısa müddət ərzində həm ölkəmizdə, həm də dünyada Azərbaycan gimnastikasına münasibət əsaslı surətdə dəyişmişdir. Əslində, kağız üzərində mövcud olan Federasiya daim fəaliyyət göstərən səlahiyyətli və səmərəli qərargaha çevrilmişdir.
AGF bədii, akrobatik gimnastikanın və idman gimnastikasının, habelə tamblinqin inkişafı, onların populyarlaşması və cəmiyyətin gündəlik həyatının bir hissəsinə çevrilməsi sahəsində çoxşaxəli işə başçılıq edərək, idmanın bu maraqlı növlərinin gələcəyinin dəqiq strategiyasını hazırlaya bilmişdir. Ölkədə vəziyyətin əsaslı surətdə dəyişməsi nəticəsində beynəlxalq yarış təqviminə cəsarətlə müdaxilə etmək, Bakıda yüksək səviyyəli rəsmi turnirlər keçirmək haqqında məsələlər qaldırmaq mümkün olmuşdur.
2003-cü ilin avqustunda keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışları ilk qaranquş olmuşdur. Yarışlar yüksək səviyyədə keçirilmiş, fəxri qonaqlar və idmançılar Azərbaycanı unudulmaz təəssüratlarla tərk etmişlər. Bu yarış bir neçə səbəbə görə çox vacib idi.
Əvvələn, 17 yaşlı Dinara Gimatovanın ulduzu parladı. İdmançı Azərbaycanın gimnastika tarixində, sözün əsl mənasında, yeni səhifə açdı. D.Gimatova artıq ikinci ildir Beynəlxalq Gimnastika Federasiyasının çoxdankı rəsmi sponsoru, dünya şöhrətli “Longines” şirkətinin “zəriflik nümayəndələrindən” biridir.
İkincisi, gimnastika üzrə bu mötəbər yarışın Azərbaycanda yüksək səviyyədə təşkili və keçirilməsi faktı xüsusi vurğulanmışdır. Bunun nəticəsi olaraq, 2004-2005-ci illərdə Dünya kuboku yarışlarının növbəti mərhələlərinin Bakıda keçirilməsi qərara alınmışdı.
Nəhayət, üçüncüsü, Azərbaycan idmansevərləri gözəl və zərif idman növlərindən biri üzrə yarışları izləmək imkanı əldə etmişlər. Nəticədə bədii gimnastika ilə məşğul olmaq istəyənlərin sayı xeyli artmışdır.
Beynəlxalq Gimnastika Federasiyasının (BGF) Prezidenti Bruno Qrandi Bakıya ilk səfərində demişdir: “Mən Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti ilə diqqətlə tanış oldum. Qısa müddət ərzində həmin sahədə görülən işlərin miqyasından heyrətə gəlmişəm. Çox şadam ki, Federasiyaya qarşıya qoyulmuş məqsədləri bacarıqla reallaşdıran belə ciddi və tələbkar prezident rəhbərlik edir”.
AGF-nin uğurlu fəaliyyəti idman qələbələri ilə də möhkəmlənmişdir. İdmançılarımız beynəlxalq turnirlərin, Dünya kubokunun mərhələ yarışlarının qalibləri və mükafatçıları olmuş, Avropa və dünya çempionatlarında uğurla çıxış etmişlər. Ölkəmizin bədii gimnastika tarixində ilk dəfə Azərbaycan təmsilçisi Olimpiya oyunlarında iştirak etmişdir.
Rusiyanın tanınmış məşqçisi İrina Vinerin hamilik etdiyi Dinara Gimatova, Anna Qurbanova, Aliyə Qarayeva və Zeynəb Cavadlının yüksək məharəti sayəsində Azərbaycan həm Avropa, həm də dünya səviyyəsində beşinci yeri tutmuşdur. Qısa müddətdə yaradılan bədii gimnastika üzrə qrup komandamızla indi dünyanın ən güclü komandaları da hesablaşırlar.
AGF-nin fəaliyyətinin aktual istiqamətlərindən biri bölgələrdə də gimnastikanı inkişaf etdirməkdir. Bu sahədə inadlı fəaliyyət nəticəsində respublika yarışlarına Gəncə, Dəvəçi və Sumqayıt idmançıları da qoşulmağa başlamışlar ki, bu da daxili çempionatları daha maraqlı etmişdir.
Ötən dövr ərzində belə irəliləyiş əldə etmək böyük nəticədir. Hazırda Azərbaycanda yeni istedadlı idmançılar nəsli yetişir. Onlar üçün həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda təlim-məşq toplanışları, görüşlər təşkil olunur, məşqçilər və hakimlər öz ixtisaslarını durmadan artırırlar. Rusiya, Türkiyə və Yaponiya idmançıları birgə məşqlər üçün Bakıya gəlirlər. Bakı Gimnastika Məktəbində təmir işləri tam sürətlə gedir.
Lakin etiraf etmək lazımdır ki, müəyyən uğurlara baxmayaraq, gimnastikanın indiki vəziyyəti bütövlükdə qənaətbəxş deyildir. Federasiyanın prezidenti Mehriban xanım Əliyeva deyir:
-Əminəm ki, Bakıda nəzərdə tutulan gimnastika kompleksi yüksək səviyyəli gimnastların hazırlanması mərkəzinə çevriləcəkdir. Kompleks ən müasir avadanlıqla təchiz ediləcəkdir. Zənnimcə, ən başlıca vəzifələrdən biri müasir məşq metodikalarına yiyələnməkdir. Yüksək nəticələrin qazanılmasına məhz bunlar təsir göstərir.
Bakıda bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi böyük əhəmiyyətli hadisə olmuşdur. Yarışlar geniş beynəlxalq əks-səda doğurmuş, mətbuatda ətraflı işıqlandırılmış, yarışın təşkili həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilmişdir. Planetimizin ən tanınmış gimnastları, Olimpiya oyunlarının, Avropa və dünya birinciliklərinin qalibləri və mükafatçıları Bakıya gəlmişdilər.
Prezident İlham Əliyev də çempionat zamanı ölkəmizdə idmanın inkişafına öz qiymətini vermişdir. O, BGF-nin rəhbərliyini qəbul edərkən demişdir: “Mən bədii gimnastika üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinə görə minnətdaram. Ölkəmizdə bu çempionata böyük maraq müşahidə olunmuşdur. İlk dəfədir Azərbaycanda idmanın Olimpiya növü üzrə dünya çempionatı keçirilirdi. Azərbaycanda idman çox uğurla inkişaf edir. Ümidvaram ki, bundan sonra ölkəmizdə daha çox beynəlxalq yarış keçiriləcəkdir”.
Bakı Avropa çempionatını da keçirmək hüququ almışdır. Avropa Gimnastika İttifaqının nümayəndələri vurğulayırlar ki, Azərbaycanın xeyrinə seçim təsadüfən edilməmişdir, hərçənd namizədlər arasında Ukrayna, İspaniya və Türkiyə kimi dünyada tanınmış idman dövlətləri vardı. Bununla, əslində, etiraf edilmişdir ki, Bakı Avropada bədii gimnastikanın mərkəzlərindən biridir.
AGF idmançıların, məşqçilərin və hakimlərin ixtisasını artırmaq, gənclər arasında gimnastikanı populyarlaşdırmaq, müxtəlif yarışlar keçirmək, beynəlxalq qurumlarla əlaqələri möhkəmləndirmək yolu ilə milli gimnastikanın inkişafı üçün hər cür şərait yaratmaq istiqamətində bundan sonra da məqsədyönlü fəaliyyət göstərəcəkdir. Bütün bunlar ölkəmizdə gimnastikanın yüksək səviyyəyə çatmasını təmin etməyə imkan verəcəkdir.