İDMAN
Ötən il Azərbaycan Həmkarlar İttifaqlarının İdman Assosiasiyasının idmançıları 82 medal qazanıblar
Bakı, 7 aprel, AZƏRTAC
COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin yanında Operativ Qərargahının müvafiq qərarı ilə idman təşkilatlarında təlim-məşq proseslərinin, kütləvi-sağlamlıq tədbirlərinin, spartakiada və yarışların keçirilməsinin dayandırılması nəticəsində təqdim edilən hesabatlarda əsasən, 2021-ci ilin yalnız Olimpiya lisenziya idman yarışlarının (xarici ölkələrdə) və onlayn şahmat turnirlərinin nəticələri yer alıb.
Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyası (AHİTA) 9 idman təşkilatını - 5 idman cəmiyyətini (“Məhsul”, “Spartak”, “Gənclik”, “Qarabağ”, “Zenit”) və 4 idman klubunu (“Alpinist və Turist”, “Şahmat və Dama”, “Atilla”, “Pəhləvan”) özündə birləşdirir.
Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci il ərzində həmkarlar ittifaqları (Hİ) idman təşkilatları 216 bədən tərbiyəsi kollektivini əhatə edərək 13 min 808 nəfər bədən tərbiyəsi və idmançı ilə məşğul olub. Onlardan 1385 nəfəri, yaxud 10 faizi qadın və qızlardan ibarətdir.
Əhalinin sağlamlığının möhkəmləndirilməsi və idmançıların hazırlığı üçün respublikanın şəhər və rayonlarında olan 92 idman bazası və qurğularından - 1 atıcılıq tiri, 7 stadion, 2 kompleks idman qurğusu, 40 idman zalı, 3 üzgüçülük hovuzu, 25 sadə idman meydanı, 13 bədən tərbiyəsi - sağlamlıq mərkəzi və digər 1 qurğudan istifadə edilib.
2021-ci ildə gənc idmançıların hazırlığını Həmkarlar İttifaqlarının idman təşkilatlarının 9 Uşaq-Gənclər İdman Məktəbi (UGİM) təmin edib. Bunlardan 1-i ixtisaslaşdırılmış Olimpiya ehtiyatlı, 8-i kompleks uşaq-gənclər idman məktəbidir. Ötən il 28 UGİM bölməsində 105 məşqçi-müəllimin rəhbərliyi altında 3041 gənc idmançı, o cümlədən 218 qız il ərzində idmanın 13 növü ilə müntəzəm məşğul olub. Məşğul olanların 179 nəfəri dərəcəli idmançıdır. Onlardan 3-ü Əməkdar idman ustası, 3-ü idman ustası, 16-sı idman ustalığına namizəd, 20-si birinci, 41-i isə kütləvi dərəcəli idmançılardır.
AHİTA Olimpiya Oyunları ərəfəsində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançıların ustalıqlarının artırılması üçün Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, İdman növləri üzrə Milli Federasiyalar ilə sıx əməkdaşlıq edib, idmançıların rəsmi yarışlarda iştirak etməsinə şərait yaradılıb.
Ümumiyyətlə, AHİTA idmançıları 2021-ci il ərzində iştirak edən yarışlarda müxtəlif dərəcəli 82 medal qazanıblar. Onlardan 24-ü beynəlxalq turnirlər, 2-si paralimpiya, 1-i İslam Həmrəylik Oyunları, 8-i dünya, 13-ü Avropa, 34-ü isə respublika yarışlarında əldə olunan uğurlardır.