ÖTƏN İL AZƏRBAYCANDA ÜMUMİ DAXİLİ MƏHSULUN HƏCMİ 26,4 FAİZ ARTMIŞDIR
Ötən il Azərbaycanda əhaliyə 5,6 milyard manatlıq istehlak malları satıldığını və pullu xidmət göstərildiyini diqqətə çatdıran natiq demişdir ki, ölkə üzrə əmtəə dövriyyəsi 13,2 faiz artaraq 4,6 milyard manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 26,1 faiz çoxalaraq 960,7 milyon manat olmuşdur. İstehlak bazarında alınmış malların tərkibində ərzaq məhsulları 65,8 faiz, qeyri-ərzaq məhsulları isə 34,2 faiz təşkil etmişdir.
Hesabat dövründə sənaye məhsulları istehsalının 33,5 faiz çoxaldığını bildirən natiq dedi ki, nəqliyyat bölməsində yük daşınmasının həcmi 9,2 faiz çoxalmış, rabitə xidmətlərində 36 faiz artım əldə edilmişdir. Sənaye məhsullarının 69,2 faizi qeyri-dövlət bölməsində istehsal olunmuş və artım 51,5 faizə çatmışdır. Bundan başqa kənd təsərrüfatı məhsullarının istehsalında rekord göstəricilər əldə olunmuşdur.
Təqdim olunan rəqəmlərdən məlum olur ki, ötən il Azərbaycanda bütün maliyyə mənbələri hesabına əsas kapitala 5424,3 milyon manat məbləğində sərmayə yönəldilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 20,4 faiz, bu sahəyə yönəldilən vəsaitin məbləği isə 12,7 faiz artmışdır. Əsas kapitala qoyulan vəsaitin 67,2 faizi xarici sərmayələrin payına düşmüşdür. Müxtəlif maliyyə mənbələri hesabına 1380,8 min kvadratmetr yeni evlər tikilmişdir ki, bu göstərici 2004-cü ildəkindən xeyli artıqdır. Bundan başqa, ölkə üzrə 30233 şagird yeri olan ümumtəhsil məktəbi və digər çoxsaylı xidmət müəssisələri inşa edilərək istifadəyə verilmişdir.