REGİONLAR
Ötən il dövlət reyestrinə beş yeni kartof sortu daxil edilib
![Ötən il dövlət reyestrinə beş yeni kartof sortu daxil edilib](/files/2024/1/1200x630/1706535341648907807_1200x630.jpg)
Bakı, 29 yanvar, AZƏRTAC
Ötən il dövlət reyestrinə beş yeni kartof sortu daxil edilib. Bunlar “Murovdağ”, “Gədəbəy”, “Slavyanka”, “Sarıtala” və “Qələbə” sortlarıdır. Ümumiyyətlə, son iki ildə doqquz kartof sortu rayonlaşıb və hər biri məhsuldarlığı ilə seçilir. Bu il həmin yeni kartof sortlarının intensiv şəkildə ilkin toxumçuluğunu həyata keçirməyə başlayacağıq, hazırda proses gedir. İlkin toxumçuluq işləri müasir texnoloji üsullardan istifadə etməklə təşkil olunacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev söyləyib.
O bildirib ki, “Gədəbəy” kartof sortu sırf həmin rayonun ərazisində seleksiya edilib. Gədəbəy torpağında iqlim şəraitinə uyğunlaşdırılıb, eyni zamanda, məhsuldar sortdur. “Sarıtala” sortunun isə adına uyğun olaraq həm xarici, həm də daxili rəngi sarıdır. Tovuzun Sarıtala kəndində bu sortun seleksiyası və sınaq işləri aparılıb.
Həmçinin dörd yeni göyərti sortu dövlət reyestrinə daxil olub. Bunlar vəzəri, keşniş, şüyüd və qara reyhandır. Bundan başqa, 2023-cü ildə “Günəş” adlı yemiş sortu da qeydiyyata alınıb.
E.Allahverdiyev diqqətə çatdırıb ki, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun funksional analizlər laboratoriyası ISO 17025 akkreditasiyasından keçib. “Burada 50 metod qeydiyyatdan keçirilib. Bu metodlar toxum, gübrə, pestisit, su, torpaq və bitki analizlərini əhatə edir. Bunlar akkreditə olunmuş laboratoriyada analiz ediləcək, cavabları digər təşkilatlar və ölkələr tərəfindən tanınacaq”, - deyə o əlavə edib.