REGİONLAR
Ötən il muxtar respublikada təhsil sahəsində uğurlu nəticələr qazanılıb
Naxçıvan, 19 yanvar, AZƏRTAC
Muxtar respublika təhsilinə göstərilən dövlət qayğısı öz bəhrəsini verib, uğurlu nəticələr əldə edilib, 2020-ci ilin məzunlarının 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Məzunlardan 275-i qəbul imtahanlarında 500-700 arası bal toplayıb, onlardan 4-ü Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, hesabat dövründə 42 şagird muxtar respublika, 24 şagird respublika fənn olimpiadalarının qalibi olub. Məzunlardan 17-si qızıl, 17-si gümüş medala, 34-ü isə fərqlənmə attestatına layiq görülüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov məruzə edərək bildirib ki, 2020-ci il təhsil sahəsində bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Bununla yanaşı, təhsilin bakalavr pilləsinə, habelə təhsillə bağlı digər imtahanlara hazırlıq kurslarının keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində “Təhsil Kursları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib, “İmtahan Mərkəzi” yaradılıb.
Nazir qeyd edib ki, tətbiq olunan yeniliklər tədris prosesini də əhatə edib, 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılıb, kabinələr istifadəyə verilib, müəllimlərə təlimlər keçirilib.
Rəhman Məmmədov vurğulayıb ki, hesabat dövründə öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 1 nəfər “Tərəqqi” medalına, 6 müəllim isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına, istedadı ilə fərqlənən 2 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb, onların adı Gənc İstedadların “Qızıl kitabı”na yazılıb.
STEAM təhsil metodunun tətbiq edilməsi ilə bağlı 6-cı və 7-ci siniflər üçün dərslik və tədris proqramları, “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı, “İstedadlı şagirdlər” albom-kataloqu nəşr edilib, kitabların təqdimatı keçirilib. Həmçinin 2020-ci ildə də “Sabahın tədqiqatçıları” layihəsi, “Tariximizi qoruyaq və yaşadaq!” aksiyası davam etdirilib, 400-dən artıq maddi mədəniyyət nümunəsi Mədəniyyət Nazirliyinə verilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.