CƏMİYYƏT
Ötən il yanğınların söndürülməsinə 36 minə yaxın yanğınsöndürmə texnikası cəlb olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Ötən il Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələrinin ümumi çıxışlarının sayı 92 min 362 olub. Yanğın hadisələri ilə bağlı 16 min 303 çıxış qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) 2019-cu ildə görülmüş işlərin və cari ildə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə Xidmətin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov bildirib.
F.Əsədov qeyd edib ki, hesabat dövründə yanğınların söndürülməsinə ümumilikdə 163 min 30 əməkdaş, 35 min 931 yanğınsöndürmə texnikası cəlb olunub. Yanğınların söndürülməsi zamanı 98-i dövlət, 346-sı özəl olmaqla, 2218 obyekt, habelə 369 çoxmənzilli bina, 590 fərdi ev, 513 yardımçı tikili, müxtəlif təyinatlı 296 texnika yanğınsöndürənlər tərəfindən mühafizə edilib.