CƏMİYYƏT
“Öz məşəlini alovlandır!”
Bakıda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsinin təşkilində Daxili İşlər Nazirliyinin üzərinə mühüm vəzifələr düşür
Bakı, 21 aprel (AZƏRTAC). Bakıda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsinin təşkilində Daxili İşlər Nazirliyinin üzərinə mühüm vəzifələr düşür.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 20-də Daxili İşlər Nazirliyində (DİN) “2008-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlığının İnkişaf Konsepsiyasının həyata keçirilməsinə dair Proqram”ın icrasının, “Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlər”in və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov demişdir.
Nazir bildirmişdir ki, Avropanın ən nüfuzlu mahnı yarışmasına hazırlıq işləri şəxsən Prezident İlham Əliyevin nəzarətindədir.
Ramil Usubov bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin üzərinə mühüm vəzifələr düşdüyünü, bu istiqamətdə xüsusi tədbirlər planının hazırlanaraq uğurla icra edildiyini bildirmişdir. O, “Eurovision - 2012” mahnı müsabiqəsinə iştirakçılardan əlavə minlərlə əcnəbi qonağın, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin qatılacağını diqqətə çatdırmış, qonaqların ölkədə hərəkət marşrutları, paytaxtda qalacaqları, istirahət edəcəkləri, gəzintiyə çıxacaqları yerlərdə ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üzrə polisin qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulamışdır.