MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsinə dəstək məqsədilə avtobus turu təşkil olunmuşdur
Bakı, 21 aprel (AZƏRTAC). Aprelin 21-də “Eurovision” mahnı müsabiqəsinin Azərbaycandakı Fan Klubu Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə avtobus turu təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, Dənizkənarı Milli Parkdan “Ruhunu bizimlə alovlandır!” sloqanı ilə start götürən tur çərçivəsində üzərində “Eurovision-2012” mahnı müsabiqəsinin loqosu həkk olunmuş avtobuslar Lökbatan qəsəbəsinə yollanmışdır.
Lökbatandakı Heydər Əliyev parkında konsert proqramı təşkil olunmuşdur. Səyyar səhnənin qarşısında toplaşmış lökbatanlılar incəsənət ustalarının ifasında şux mahnılar dinləmiş, bir-birindən maraqlı rəqslərə tamaşa etmişlər.
Fan Klubun üzvü Fidan Kərimli turun ölkəmizdə keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə dəstək məqsədilə təşkil olunduğunu və belə layihələrin davam etdiriləcəyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Fan Klub bir neçə gün əvvəl “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində müsabiqəyə dəstək kampaniyası çərçivəsində “Muğam” flashmobu və motoyürüş keçirmişdir.
Konsertin aparıcısı, şoumen Murad Dadaşov bildirmişdir ki, “Eurovision” mahnı müsabiqəsi Avropanın böyük tədbirlərindən biridir. Bu yarış təkcə Avropada deyil, bütün dünyada diqqətlə izlənilir. Çox sevindirici haldır ki, ötənilki qalibiyyətimiz bu il yarışa ev sahibliyi etməyimizə imkan yaratmışdır. İnanıram ki, “Eurovision-2012” mahnı müsabiqəsi yüksək səviyyədə təşkil olunacaq və “Baku Crystal Hall”ın səhnəsindəki şou hər kəsin xatirəsində dərin iz buraxacaqdır.
Bu cür turlar Azərbaycanın müxtəlif bölgələrinə də təşkil olunacaqdır.