MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision” yarışmasının Azərbaycandakı rəsmi Fan Klubu Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkının qarşısında konsert təşkil edəcəkdir
Bakı, 21 aprel (AZƏRTAC). “Eurovision” mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubu Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə aprelin 21-də avtobus turu çərçivəsində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkının qarşısında konsert təşkil edəcəkdir.
Fan Klubdan AZƏRTAC-a bildirmişlər ki, konsertin təşkil olunmasının əsas məqsədi “Eurovision-2012” mahnı müsabiqəsinin başlanmasına qalan müddətdə regionlarda və rayonlarda insanlarda müsabiqəyə qarşı marağı daha da artırmaq və xatırlatmaqdır.
Konsert populyar şou-men Murad Dadaşovun aparıcılığı və bir sıra məşhur yerli estrada müğənnilərin ifası ilə keçiriləcəkdir.
Açıq havada keçirilən konsert proqramı saat 19:00-da başlayacaq və bir neçə saat davam edəcəkdir.
Konsertin başlanmasından bir neçə saat əvvəl Fan Klubun üzvləri, fəallar və gənclər Bakı Biznes Mərkəzinin qarşısından “Eurovision-2012”nin logosu, bayraqları ilə bəzədilmiş avtobuslarda Qaradağ rayonu istiqamətinə hərəkət edəcəklər.
Bu tur müxtəlif tarixlərdə respublikanın digər rayonlarında da keçiriləcəkdir.