ÖZBƏKİSTANDA 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLMİŞDİR
Özbəkistanda yaşayan azərbaycanlıların, səfirliyin əməkdaşlarının iştirak etdikləri tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov 20-ci əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə ətraflı məlumat vermişdir. O, 20 Yanvar faciəsindən bir gün sonra ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu cinayətlərə görə SSRİ rəhbərlərini ittiham etməsini, faciənin məsuliyyətini Mixail Qorbaçovun üzərinə qoymasını, etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxmasını diqqətə çatdırmışdır. Səfir bildirmişdir ki, xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin qətiyyəti sayəsində 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.
Sonda “Qanlı Bakı” sənədli filmi nümayiş etdirilmiş, iştirakçılara, eləcə də Daşkənddəki diplomatik korpusa faciə ilə bağlı məlumatlar toplusu paylanmışdır.
X X X
Azərbaycanın Özbəkistandakı səfirliyində 20 Yanvar faciəsinin ildönümi ilə əlaqədar yerli və xarici jurnalistlər üçün mətbuat konfransı da keçirilmişdir.
Səfir Namiq Abbasov bildirmişdir ki, o qanlı gecə sovet ordusunun və daxili qoşunların xüsusi təyinatlı dəstələri Bakıya yeridilmiş, 130-dan çox adam qətlə yetirilmiş, təxminən 700 nəfər yaralanmışdır.
N.Abbasov jurnalistlərin suallarına cavab vermiş, onlara faciə ilə əlaqədar məlumatlar toplusu paylanmış, bununla əlaqədar sənədli film nümayiş etdirilmişdir.