Özbəkistanda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar mərasim keçirilmişdir
Daşkənd 17 yanvar (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə Özbəkistanın elm və mədəniyyət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin AMM-in qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyulmuşdur.
Mərasim iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı fotostend, eləcə də Qara Yanvar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi ilə tanış olmuşlar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra “Qanlı yanvara aparan yol“ adlı sənədli film nümayiş etdirilmişdir.
AMM-in direktoru Samir Abbasov 20 Yanvar faciəsi haqqında danışmış, şəhidlərin xatirəsinin həmişə əziz tutulduğunu qeyd etmişdir.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan biri olan 20 Yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat vermişdir. Diqqətə çatdırmışdır qanlı faciədən bir neçə gün əvvəl Rusiyanın Stavropol, Krasnodar və Rostov vilayətlərindən muzdlular toplanmış və yanvarın 19-da sovet imperiyasının qoşunları ilə birgə Bakıya yeridilmişdir.
Azərbaycanın Özbəkistandakı hərbi attaşesi Elbrus Orucov, jurnalist Şövkət Əliyeva, özbək şairi Sunnatulla Suleymanov və başqaları sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını və iştirakçılarını lənətləmişlər.
Mərasim iştirakçıları arasında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın müraciəti yayılmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd