Özbəkistanda keçirilən müsabiqədə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” nominasiyası da var
Daşkənd, 2 fevral, АZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyi, ölkəmizin Özbəkistandakı səfirliyi, habelə Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə 2021-ci il üzrə Özbəkistan KİV-ləri arasında Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib.
AZƏRTAC xəbər verir ki, bu il müsabiqədə əsasən Azərbaycan-Özbəkistan əməkdaşlığına, hər iki ölkənin həyata keçirdiyi layihələrə və əldə olunan nailiyyətlərə dair mövzular yer alıb. Bununla əlaqədar “Azərbaycan-Özbəkistan əməkdaşlığı: uğur və nailiyyətlərimiz” adlı nominasiya müəyyən edilib.
Müsabiqəyə Azərbaycan xalqının erməni işğalçılarına qarşı apardığı 44 günlük Vətən müharibəsi, əldə olunan tarixi zəfər, habelə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın azad olunması münasibətilə “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı nominasiya da daxil edilib.
Müsabiqədə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi Şuşa şəhərinin tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, mədəniyyət və sənət beşiyi Şuşanın azad olunması, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasət, azad olunmuş ərazilərə səfərləri, bu ərazilərin bərpası, milli-mədəni irsimizin dağıdılması, Şuşanın abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məlumatlara üstünlük veriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə əlaqədar builki müsabiqənin nominasiyalarından biri dahi şairə həsr edilib. “Nizami Gəncəvi - Azərbaycan və dünya poeziyasının dahisidir” adlı nominasiyada qüdrətli söz və fikir ustadı Şeyx Nizaminin şəxsiyyəti, yaradıcılığı, bəşər mədəniyyətinə verdiyi misilsiz töhfələr, türk və Şərq xalqlarının ədəbiyyatına təsiri geniş işıqlandırılmalıdır.
2021-ci ildə qardaş ölkənin telekanallarında ölkəmizə, Azərbaycan-Özbəkistan dostluğuna dair nümayiş etdiriləcək verilişlərə daha çox diqqət yetirilməsi nəzərdə tutulub, ötən ildə olduğu kimi bu il də müsabiqədə “İlin ən yaxşı televiziya verilişi” adlı nominasiya saxlanılıb.
Bundan başqa, “İlin ən yaxşı sənədli filmi, videoçarxı və səhnə əsəri” adlı nominasiya da müəyyənləşdirilib.
Azərbaycan haqqında ilin ən yaxşı layihələri, tərcümə əsərləri, tərcüməçiləri də qiymətləndiriləcək.
2021-ci il ərzində Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrini təbliğ edən ən fəal azərbaycanlı və özbək alimlər, diaspor nümayəndələri də müsabiqənin xüsusi mükafatlarına layiq görüləcəklər.
Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin tarixi, mədəniyyəti, adət- ənənələri, iqtisadiyyatı, turizmi haqqında ən çox material dərc edən və yayımlayan mətbu orqanlara da (qəzet, jurnal, sayt, televiziya kanalı) xüsusi mükafatlar təqdim ediləcək.
Müsabiqəyə bu ilin dekabr ayında yekun vurulacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd