Özbəkistanın “uchildiz.uz” portalında Xocalı faciəsi ilə bağlı yazı yerləşdirilib
Daşkənd, 17 fevral, AZƏRTAC
Özbəkistanın “uchildiz.uz” portalında Xocalı faciəsi ilə bağlı rus dilində “26 fevral Azərbaycanın tarixində qanlı səhifədir” sərlövhəli məqalə yerləşdirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan məqalədə deyilir ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birgə 7 min əhalisi olan Xocalıya hücum edib, şəhərdə soyqırımı törədib.
Materialda bildirilir ki, Xocalı faciəsi erməni millətçilərinin 200 il ərzində həyata keçirdikləri siyasi soyqırımın və etnik təmizləmə siyasətinin daha bir qanlı səhifəsidir.
Yazıda Xocalıda qəddarlıqla öldürülən, itkin düşən və yaralanan insanların sayı göstərilir. Qeyd olunur ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, dünya ictimaiyyətinə qarşı törədilən qanlı cinayətlərdən biridir. Diqqətə çatdırılır ki, hadisələrdə 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, 150 nəfərin taleyi haqqında hələ də məlumat yoxdur. Xocalıda öldürülənlərin 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlılardır. Faciə nəticəsində 8 ailə tam məhv edilib, 24 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.
Bildirilir ki, ermənilər Azərbaycan torpaqlarına köçürüləndən sonra onlar tarix boyu azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmağa başlayıblar. Mənfur ermənilərin qanlı siyasəti nəticəsində azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilib, soydaşlarımız doğma yurdlarından deportasiya olunub.
Materialda deyilir ki, dünyanın altı ölkəsi, həmçinin ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını tanıyıb və bu istiqamətdə işlər davam etdirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri,
Daşkənd