PAKİSTAN PREZİDENTİNİN ŞƏXSİ DƏVƏTİ İLƏ AZƏRBAYCANIN BİR QRUP TANINMIŞ SƏNƏTÇİSİ İSLAMABADDA SƏFƏRDƏDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyinin dəvəti ilə ölkəmizin Mədəniyyət Nazirliyinin təşkil etdiyi musiqi qrupu İslamabadda səfərdədir. Musiqiçilərimizin dost ölkəyə səfəri Pakistan Prezidenti Pərviz Müşərrəfin arzusuna uyğun olaraq təşkil edilmişdir. Keçən ilin iyulunda ölkəmizdə səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyevin onun şərəfinə verdiyi ziyafətdə tanınmış skripkaçı Ceyhun İsmayılovun və Azərbaycan sənətçilərinin yüksək ifasını çox bəyənən general P.Müşərrəf həmin musiqiçilərin Pakistanda da konsertlərinin təşkil edilməsini arzulamışdır.
Fevralın 4-də İslamabad yaxınlığında Pakistan Silahlı Qüvvələri Hərbi Qərargahının yerləşdiyi Rəvalpindi şəhərindəki Ordu evində skripkaçı Ceyhun İsmayılovun da daxil olduğu Azərbaycan musiqiçiləri qrupu Pakistanın dövlət və hökumət rəhbərləri üçün konsert vermişdir. Konsertdə Pakistan Prezidenti Pərviz Müşərrəf, Baş nazir Şövkət Əziz, hökumət üzvləri, yüksək hakimiyyət orqanlarının rəhbərləri, silahlı qüvvələrin komandanları və onların ailə üzvləri iştirak etmişlər. Ölkəmizin Pakistandakı səfiri Eynulla Mədətli çıxış etmiş, Azərbaycan Prezidenti adından Pakistanın dövlət və hökumət rəhbərlərini salamlamış, xalqlarımızın çoxəsrlik tarixi-mədəni əlaqələrindən danışmış, Azərbaycan müsiqisinə verdiyi yüksək qiymətə görə Pakistan Prezidentinə təşəkkür etmişdir.
Tədbirdə səhnəyə qalxan Pakistan Prezidenti sənətçilərimizlə mehribanlıqla görüşmüş, onların gəlişindən məmnun qaldığını, hələ Bakıda olarkən Azərbaycan musiqisinin, mədəniyyətinin zənginliyinin şahidi olduğunu bildirmişdir. Pakistan Prezidenti ölkəsinin Azərbaycanı özünə qardaş, strateji müttəfiq hesab etdiyini, Pakistanın həmişə Azərbaycanla bir yerdə olduğunu demişdir. Prezident P.Müşərrəf Azərbaycan sənətçilərini bir daha Pakistana dəvət etmişdir.
Prezident Pərviz Müşərrəf Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana qarşıdakı səfərini məmnunluqla gözlədiyini bildirərək, salamlarını və xoş arzularını dövlətimizin başçısına yetirməyi səfirdən xahiş etmişdir. Tədbirin sonunda Pakistan Prezidenti konsertin iştirakçılarına ziyafət vermişdir.
Fevralın 5-də sənətçilərimiz İslamabadın “Marriot” mehmanxanasında Pakistan ictimaiyyəti qarşısında Cənubi Asiyada sunamidən zərər çəkənlərə yardım məqsədi ilə xeyriyyə konserti vermişlər. Fevralın 6-da Pakistan Mədəniyyət Nazirliyi sənətçilərimizin xüsusi konsertini təşkil edəcəkdir.
Azərbaycan sənətçilərinin səfəri və konsertləri Pakistan telekanallarında və mətbuatında geniş işıqlandırılır və yüksək dəyərləndirilir.