Pandemiya ilə əlaqədar Mavritaniyada qalan dörd vətəndaşımız vətənə qayıdacaq
Rabat, 14 may, AZƏRTAC
COVID-19 pandemiyasının yayılması ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə geri qaytarılması məsələsi Prezident İlham Əliyevin və hökumətin diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, buna görə Azərbaycanın Mərakeş Krallığındakı səfirliyi də Xarici İşlər Nazirliyinin müvafiq təlimatları əsasında işini qurub.
Bu ilin yanvar ayından etibarən Mavritaniyada müvəqqəti yaşayan Türkiyəyə məxsus “Aktaşlar-C” gəmisinin şəxsi heyətinin üzvləri və Azərbaycan vətəndaşlarından ibarət 4 dənizçi Mərakeşdəki səfirliyimizin qaynar xəttinə müraciət edərək, üzləşdiyi problemlərin həlli və ölkəyə geri qaytarılmalarına köməklik göstərilməsini xahiş ediblər.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərkibində yaradılmış Operativ Qərargaha dərhal məlumat verilib, vətəndaşlarım koronavirus (COVID-19) xəstəliyinin yayılması ilə bağlı maarifləndirilib və onların karantin qaydalarına riayət edilməsi tövsiyə olunub.
Azərbaycanın Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyi, Mərakeş Krallığında səfirliyimiz tərəfindən dənizçilərlə mütəmadi əlaqə saxlanılır, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Pandemiya ilə əlaqədar Mavritaniya İslam Respublikası və Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi və sərhədlərin bağlı olması dənizçilərin ölkəyə qayıtmasında müəyyən çətinlik yaradıb.
Buna görə də səfirlik tərəfindən Mavritaniyanın Xarici İşlər Nazirliyinə müvafiq müraciət ünvanlanıb. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanovun xahişi ilə Mavritaniya vətəndaşı Abubəkrin Afelvat vətəndaşlarımızın Nuadibu şəhərindən paytaxt Nuakşot şəhərinə yola salınması üçün Mavritaniyanın müvafiq qurumlarından icazə alıb və mayın 10-da avtomobili icarə edərək həmvətənlilərimizin Nuakşota gətirilməsinə nail olub.
Mavritaniyanın Nuadibu şəhərində müvəqqəti yaşayan “Aktaşlar-C” gəmisinin heyətinin azərbaycanlı üzvlərinin ölkəmizə geri qaytarılması məsələsində Türkiyə tərəfindən də müvafiq köməklik göstərilməsi xahiş edilib.
Türkiyə tərəfi çarter reysinin təşkil olunacağı təqdirdə, Azərbaycan vətəndaşlarının Türkiyəyə yola salınması üçün müvafiq kömək göstəriləcəyini bildirib.
Bu günə olan məlumata əsasən, Mavritaniya İslam Respublikasında ümumilikdə 16 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Yaranan ilk fürsətdə dənizçilərin Azərbaycana geri dönməsi təmin ediləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat