Paris Olimpiadasının təşkilatçıları Olimpiya kəndində kondisionerlər quraşdırmağa razılıq veriblər

Bakı, 6 iyul, AZƏRTAC
Parisdəki Olimpiya kəndində 2500 kondisioner quraşdırılacaq. Əvvəlcə Oyunların təşkilatçıları ətraf mühitə ziyan vurduğuna görə bu ideyadan vaz keçsələr də, bəzi ölkələrin nümayəndə heyətləri özləri ilə kondisioner gətirmək niyyətində idilər.
“Le Parisien”in məlumatına görə, Olimpiya kəndində 7 min otaqda təxminən 2500 kondisioner quraşdırılacaq. “Məqsəd həyatlarının matçını və ya yarışını keçirən idmançıların bu son dərəcə xüsusi ehtiyacını ödəmək idi. Onların standartdan daha yüksək rahatlıq və bərpa tələbləri ola bilər”, - deyə Olimpiya kəndinin direktor müavini Tran Van Şu bildirib.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl Paris meri Ann İdalqo Kənddə kondisionerlərdən istifadənin mümkünlüyünü istisna etmişdi. “Buna ehtiyac olmayacaq. Mən idmançıların rahatlığına böyük hörmətlə yanaşıram, lakin mən daha çox bəşəriyyətin sağ qalması haqqında düşünürəm”, - deyə o, 2023-cü ilin fevralında “France Info”ya bildirib. 2024-cü ilin mart ayında İdalqo iddia edirdi ki, bu məkan hətta çox yüksək temperaturlarda belə havanın soyudulması ehtiyacının qarşısını almaq şərtilə layihələşdirilib.
Olimpiya kəndindəki evlər içəridəki temperaturu çöldəkindən altı dərəcə aşağı saxlamağa imkan verir. Təşkilatçılar hər otaqda quraşdırılmış ventilyatorların hesabına otaqları sərinlətmək üçün geotermal sistem quraşdırıblar. Lakin ayrı-ayrı nümayəndə heyətləri yenə də narahatlıqlarını bildiriblər və bu, təşkilat komitəsini onlara ödənişli mobil kondisionerlər almaq imkanı təklif etməyə vadar edib. Bundan əlavə, hər bir mənzildə birdən çox olmamaq şərtilə nümayəndə heyətlərinin özləri ilə kondisioner gətirməsinə də icazə verilir.
Bundan əvvəl ABŞ Olimpiya və Paralimpiya Federasiyasının baş direktoru Sara Hirşland bildirmişdi ki, ABŞ yığması 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına öz idmançıları üçün kondisioner gətirəcək. "İdmançılarla söhbətlərimizdə bu, çox yüksək prioritet idi və idmançılar rahatlığın onların çıxış qabiliyyətinin vacib komponenti olduğunu hesab edirlər", -deyə Hirşland bildirib.
2024-cü il Paris Olimpiya və Paralimpiya Oyunları indiyə qədər Fransada keçirilən ən böyük hadisə olacaq. Oyunları dünya əhalisinin yarıdan çoxu - 4 milyard tamaşaçı izləyəcək. Oyunlarda 22 şəhər və 40 yarış məkanı iştirak edəcək, burada 878 müxtəlif idman növü üzrə 54 yarış keçiriləcək.
2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi ənənəyə uyğun olaraq atletika stadionunda deyil, milli komandaların qayıqlarla Parisin mərkəzindən keçəcəyi Sena çayında olacaq. Olimpiya Oyunları Parisdə 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.