MƏDƏNİYYƏT
Parisdə azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
![](/files/galleryphoto/2022/2/1200x630/1654183396547215405_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165418339638008331_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541833966263028213_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654183396580430565_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541833966396557176_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654183396276061257_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541833963074029235_1200x630.jpg)
Paris, 2 iyun, AZƏRTAC
Parisin Latın məhəlləsində yerləşən “Maison de la Vie Associative et Citoyenne du Quartier Latin” qalereyasında Azərbaycanın Əməkdar artisti Əsmər Nərimanbəyovanın fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi iyunun 5-dək davam edəcək.
Qeyd edək ki, Əsmər Nərimanbəyova artıq 20 ildən çoxdur Fransada yaşayıb-yaradır. Əməkdar rəssamın əsərləri həmişə sənətsevərlər tərəfindən maraqla qarşılanır. Ə.Nərimanbəyova əsərlərinin bədii həllinə fərqli prizmalardan yanaşaraq, öz fərdi üslubunu formalaşdırıb. Onun mövzu dairəsi də genişdir. Əsərlərinin hər biri mövzu və janr rəngarəngliyi, estetik kamilliyi ilə fərqlənir. Onun çəkdiyi hər əsər rəssamın təxəyyül dünyasının əksidir.
Ə.Nərimanbəyovanın ABŞ, Almaniya, İtaliya, İngiltərə, Rusiya kimi ölkələrin tanınmış qalereyalarında, Fransanın Luvr muzeyində, eləcə də UNESCO-nun mənzil qərargahında nümayiş olunan əsərləri həmişə böyük maraqla qarşılanıb.
Görkəmli azərbaycanlı rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və istedadlı heykəltəraş, Azərbaycanın Əməkdar rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açan Ə.Nərimanbəyovanın hələ uşaq yaşlarından rənglər dünyası ilə tanış olub, bu yaradıcı mühit onun əsərlərinə təsirsiz ötüşməyib. Azərbaycanlı rəssamın əsərləri bir sıra məşhur qalereyalarda saxlanılır.
Ə.Nərimanbəyova Parisdə “Toğrul Nərimanbəyov Assosiasiyası”nı (Association de Togrul Narimanbekov) yaradıb. Bu Assosiasiyanı yaratmaqda rəssamın əsas məqsədi müxtəlif ölkələrdən olan sənətkarlar arasında mədəni mübadilə yaratmaq, eləcə də incəsənət sərgiləri təşkil etməkdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris