Parklama haqqını avtomatik ödəmə metodunu təklif etmiş şirkət “İdeya—2019” müsabiqəsinin qalibi olub
Budapeşt, 2 oktyabr, AZƏRTAC
Bu gün Budapeştdə “İdeya-2019” müsabiqəsinin qaliblərinin adlarının açıqlanması mərasimi keçirilib. Müsabiqənin nəticələrinə görə, “Rollet” şirkəti bu ilin ən ümidverici startap-müəssisəsi sayılıb.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Avropa İttifaqı ölkələrindən ilk addımlarını atan 100-dən çox şirkət iştirak edib. “Rollet” şirkəti girəcəyində yolbəndi olan qarajlarda və parklama dayanacaqlarında avtomobillərin parklanması haqqının ödənilməsinin avtomatlaşdırılması ideyasını təklif etdiyinə görə qızıl medala layiq görülüb. Sürücülər və parklama yerlərinin sahibləri üçün işlənib hazırlanmış proqram sürücülər üçün parklama haqqının asan və rahat ödənilməsinə, parklama menecerləri üçün haqq tutulmasına imkan yaradır. Bunun üçün hər bir sürücü öz avtomobilinin nömrəsini və bank kartının məlumatlarını proqrama yükləyir. “Rollet” ödəmə metodu ilə təchiz edilmiş dayanacaqlara giriş zamanı avtomobil yolbəndinin yanındakı kamera tərəfindən avtomatik identifikasiya olunur. Bundan sonra qapılar dərhal açılır ( yaxud yolbəndi qalxır). Parklama haqqı avtomatik ödənilir, pullar kartdan silinir. Buna görə də nə biletə, nə nağd pula, nə də kassa avtomatı axtarışına sərf olunan zamana ehtiyac qalır.
Bir il əvvəl Debretsen şəhərində tətbiq edilən sözügedən əlavə dərhal “Ağıllı şəhər” proqramının üstünlük verdiyi təşəbbüslərdən birinə çevrilib. Bu metoddan minlərlə sürücü istifadə edib. İndi isə həmin metod Budapeştin onlarca parklama dayanacağında tətbiq edilib.
Əlavənin müəllifi Endi Çjan mükafatlandırma mərasimindən sonra AZƏRTAC-a müsahibəsində onun bu ideyasının bütün dünyada yayılacağına ümid bəslədiyini bildirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt