Paşinyan: Ermənistanda gənclərin yarıdan çoxu hərbi xidmətdən yayınır
Tbilisi, 29 yanvar, AZƏRTAC
Ermənistan ordusu insanların əlində ucuz “sağlıq” (tost) və tərif obyektinə çevrilib. Heç kəsə sirr deyil ki, orduya çağırış yaşında olan vətəndaşların yarıdan çoxu həqiqi hərbi xidmətdən yayınır.
AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, hərbi xidmət yaşında olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur. Bu isə o deməkdir ki, ya bizim gənc nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühitə çevrilib.
Hökumət başçısı qeyd edib ki, ölkədə tibb işçiləri, hərbçilər və ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdirlər.
Ölkədə döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini vurğulayan Nikol deyib: “Müdafiə və təhlükəsizlik sistemləri ilə bağlı köklü inanclar faciəli nəticələrə gətirib çıxardı. Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa yolu yoxdur. Biz müasir silahların əldə edilməsi yolu ilə gedirik və bunun üçün çoxmilyardlı müqavilələr bağlamışıq. Belə bir vaxtda ölkə gənclərinin yarıdan çoxunun hərbi xidmətdən yayınması isə bu layihələrin əhəmiyyətini azaldır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi