Paytaxt məktəblərində idman həftəsi
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində məktəblilərə idman növləri haqqında geniş məlumatlar verilir, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılır.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, dərslərdə şagirdlərə idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsiri, həmçinin məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı barədə məlumat verilir.
Ümumi təhsil müəssisələrində, eyni zamanda, nailiyyətləri olan idmançılarla görüşlər keçirilir. Həmçinin idman viktorinası və “Olimpiya oyunları uşaqların gözü ilə” sərgiləri təşkil olunur.
Bundan başqa, idman həftəsi çərçivəsində müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 3-dək davam edəcək.
Qeyd edək ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.