ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində Ulu Öndərə həsr olunan silsilə tədbirlər




Bakı, 10 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə dahi şəxsiyyətin zəngin ömür yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə məlumat verilib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.
Tədbirlərdə çıxış edənlər Ulu Öndərin Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirdiyini söyləyiblər. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirdiyini bildiriblər. Həmçinin Ümummilli Liderin irsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb, müdrik rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi şagirdlərin diqqətinə çatdırılıb.
“Heydər Əliyev və müasir Azərbaycan tarixi”, “Qəlblərdə yaşayan lider”, “Sən elə bir zirvəsən”, “Dahi rəhbər”, “Mən azərbaycanlıyam!”, “Mənalı ömrün izi ilə”, “Dahilər heç vaxt unudulmur”, “Azərbaycan xalqının ən böyük sərvəti”, “Şəxsiyyətin zirvəsi” adlı mühazirə, konfrans, seminar və dəyirmi masalarda şagirdlər müdrik siyasətçi Heydər Əliyevə həsr olunan şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Tədbirlərdə şagirdlərin ifasında ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoslaydlar, filmlər nümayiş olunub. Həmçinin fotostendlər və şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
Paytaxt məktəblərinin şagird və müəllim kollektivləri Fəxri xiyabanı ziyarət ediblər.