Paytaxt məktəbliləri arasında Azərbaycan tarixinə və mədəniyyətinə dair müsabiqə keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə və Azərbaycan-Rusiya tarixi əlaqələrinə həsr edilmiş Azərbaycan tarixi və mədəniyyətinə dair müsabiqə keçirilmişdir.
Azərbaycan Xalqlarının Həmrəyliyi Respublika Cəmiyyəti (“Birlik”) və “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi tərəfindən, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilmiş müsabiqədə Bakının və Sumqayıtın 30 orta təhsil müəssisəsinin 150 şagirdi iştirak etmişdir.
“Birlik” cəmiyyətinin sədri Tatyana Kərimova müsabiqənin şərtləri barədə məlumat verərək bildirmişdir ki, müsabiqə şagirdlərin öz biliklərini nümayiş etdirmələrinə imkan verməklə bərabər, həm də millətlərarası münasibətlərin və respublikamızda yaşayan bütün xalqlar arasında tolerantlığın möhkəmlənməsinə kömək edəcəkdir. Bu da vacib məqamdır ki, müsabiqə rus dilinin və ədəbiyyatının öyrənilməsinə həvəsi artıracaqdır.
Müsabiqə məktəblilər tərəfindən çəkilmiş “Mən Azərbaycanda yaşayıram” adlı videoçarxın nümayişi ilə başlanmışdır.
Müsabiqənin birinci turu bilavasitə məktəblərdə keçirilmiş və Azərbaycan tarixi və ədəbiyyatı məsələlərinə həsr edilmişdir. Hərəsi 5 nəfərdən ibarət 9 yığma komanda finalda iştirak etmək hüququ qazanmış və müsabiqənin ikinci turunda öz məktəblərini təmsil etmişlər. Bu mərhələ Azərbaycan-Rusiya tarixi və ədəbi əlaqələrinə, mədəniyyətlərin bir-birini qarşılıqlı zənginləşdirməsi məsələlərinə həsr edilmişdir.
Hansı rus çarı ilk dəfə olaraq azərbaycanlı tacirlərin Rusiyada ticarətlə məşğul olmasına icazə vermişdir? Hansı Sasani hökmdarı Azərbaycanın şimal qonşusu ilə diplomatik münasibətlər yaratmışdır? Səməd Vurğun hansı məşhur sovet şairi ilə dostluq etmişdir? Azərbaycan tarixinə, onun musiqisinə, tanınmış mədəniyyət və elm xadimlərinə aid bu və bir sıra başqa suallar (cəmi 20 sual) qızğın mübahisələrə və emosional çıxışlara səbəb olmuşdur. Dəqiq deyə bilərik ki, məktəblilər bu müsabiqədə özləri üçün çox maraqlı məlumatlar əldə etmişlər.
Səlahiyyətli münsiflər heyəti (“Birlik” cəmiyyətinin sədri Tatyana Kərimova, Bakı Slavyan Universitetinin dosenti Antonina Tretyakova, AMEA-nın Memarlıq İnstitutunun əməkdaşı Qoşqar Qoşqarlı, RF səfirliyinin müşavirləri Svetlana Kosinçikova və Mixail Ustinov) müsabiqənin qaliblərini müəyyən edənə qədər məktəblilər konsert proqramı ilə çıxış etmişlər.
Münsiflər heyətinin qərarına əsasən müsabiqənin bütün iştirakçıları fəxri fərmanlara layiq görülmüşlər.
Müsabiqədə 1-ci yeri 160 nömrəli klassik gimnaziya, 2-ci yeri Uşaq bağçası-Məktəb-Lisey Kompleksi, 3-cü yeri Bakı şəhərindəki 74 nömrəli məktəb, 4-cü yeri 132-134 nömrəli Təhsil Mərkəzi tutmuşdur.
Qaliblərə diplomlar və xatirə hədiyyələri verilmişdir.