PAYTAXTDA NƏQLİYYAT VASİTƏLƏRİNİN HAVANI ÇİRKLƏNDİRMƏSİ İLƏ ƏLAQƏDAR MONİTORİNQLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Bakı şəhərində nəqliyyat vasitələrinin havanı çirkləndirməsi ilə əlaqədar keçirilmiş monitorinqlərin nəticələrinin təhlili” mövzusunda dəyirmi masa keçirilmişdir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu (AESMF) və Bakı Şəhəri Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) tərəfindən təşkil edilən tədbirdə əlaqədar dövlət orqanlarının, elm müəssisələrinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AESMF-nin prezidenti professor Rauf Sultanov çıxış edərək bildirmişdir ki, Bakı şəhərində havanın ekoloji təhlükəsizliyinin təmin olunması, nəqliyyat vasitələri ilə havanın çirkləndirilməsinin qarşısının alınmasında dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları (QHT) və ictimaiyyət tərəfindən birgə həyata keçirilən tədbirlərin müstəsna rolu vardır.
R.Sultanov vurğulamışdır ki, AESMF paytaxtda avtomobillərin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədi ilə monitorinqlər aparır, mövcud problemləri ictimaiyyətə çatdırır və bu istiqamətdə maarifləndirici tədbirlər reallaşdırır.
AESMF-nin ekoloqu Sadiq Rzayev məlumat vermişdir ki, may və iyun aylarında “Hava təhlükəsizliyi günləri” çərçivəsində AESMF, AVCİYA və BŞDYPİ-nin mütəxəssisləri Nizami, Nərimanov və Nəsimi rayonlarının ərazilərində avtomobillərin havanı zəhərləməsi vəziyyətini müəyyənləşdirmək məqsədi ilə monitorinqlər keçirmişlər. Monitorinq nəticəsində əksəriyyəti Rusiyada istehsal edilmiş 105 avtomobil müayinə olunmuşdur. Hazırda respublikamızda 600-700 minə yaxın avtomobil vardır və onlardan gün ərzində atmosferə 450-500 min tona yaxın karbon oksidi buraxılır. Ölkəmizdə olan avtomobillərin 70-75 faizi benzin, 26 faizi dizel yanacağı və 1 faizi isə maye qaz ilə işləyir.
BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin sektor müdiri Elnur Xəlilov, Azərbaycan Tibb Universitetinin kafedra müdiri professor Mirzə Kazımov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri Qasım Qasımov və digər natiqlər mövzu ilə bağlı ətraflı məlumat vermişlər. Bildirmişlər ki, daxili yanma mühərrikləri ilə işləyən nəqliyyat vasitələri atmosferdəki havanı, yerdəki suyu və torpağı çox çirkləndirir. Dünyada təqribən 600 milyon ədəd avtomobil vardır və onlar atmosferə gündə 500 milyon ton karbon oksidi buraxır.
Natiqlər dövlət və QHT ekoloji qurumlarının bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəyinə əminliklərini vurğulamışlar.
Tədbirdə geniş fikir mübadiləsi aparılmışdır.