Pekin aeroportları güclü yağışa görə 441 reysi ləğv edib VİDEO
Bakı, 12 iyul, AZƏRTAC
Pekinin iki beynəlxalq aeroportu - Şoudu və Dasin hava limanları güclü yağış səbəbindən bu gün ümumilikdə 440 - dan çox aviareysi ləğv edib .
AZƏRTAC xəbər verir ki, bu barədə aeroportlar WeChat sosial şəbəkəsində məlumat yerləşdiriblər. Şoudu aeroportunda bu günə planlaşdırılan 806 reysdən 285-i, Dasin aeroportunda isə 598 reysdən 156-sı ləğv olunub.
Pekində leysan yağışlar bazar günü axşamdan başlayıb. Şəhərin meteoroloji idarəsinin məlumata görə, bu, ilin əvvəlindən bəri ən güclü yağışlardır. Yerli vaxtla saat 10:00-dək (Bakı vaxtı ilə 06:00) paytaxta orta hesabla 70 millimetr, meqapolisin ayrı-ayrı rayonlarına isə 150 millimetrdən çox yağıntı düşüb.
Məktəbəqədər təhsil müəssisələrində və ibtidai məktəblərdə məşğələlər dayandırılıb. Sakinlərə küçədə mümkün qədər az vaxt keçirmək və ehtiyatlı olmaq tövsiyə edilib.