Peşə təhsili sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
Bakı, 12 iyun, AZƏRTAC
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində videokonfrans təşkil edilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi, Texniki və Peşə Təhsili İdarəsi, bir sıra peşə təhsili müəssisələrinin nümayəndələri də videokonfrans formatında təşkil edilən görüşə qatılıblar.
Görüş zamanı peşə təhsili sahəsində iki ölkə arasında hazırkı əməkdaşlıq vəziyyəti, qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığa töhfəsi, iki ölkənin təhsil nazirlikləri arasında peşə təhsili sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması müzakirə olunub. Tərəflər peşə təhsilinin inkişafı ilə bağlı birgə layihələrin reallaşdırılması imkanlarından və birgə layihələrin reallaşdırılması perspektivlərindən bəhs ediblər.