Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat başlayıb
Bakı, 13 avqust, AZƏRTAC
Peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahan sentyabrın 27-də Bakı və Naxçıvan şəhərlərində kompüter vasitəsilə elektron formada keçiriləcək. İmtahan iki növbədə - saat 10:00 və 16:00-da təşkil olunacaq.
Bakı şəhərində hər növbə üzrə 760, Naxçıvanda isə hər növbə üzrə 160 yer olmaqla, ümumilikdə 1840 yer ayrılıb. Namizədlər avqustun 13-ü saat 15:00-dan sentyabrın 10-u saat 18:00-dək DİM-in internet səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Namizədlər qeydiyyat zamanı Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, eləcə də İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və II səviyyə PMS istiqamətlərindən birini seçməlidirlər.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə imtahanlarda iştirak haqqı 100 manat, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və II səviyyə imtahanlarında isə 50 manatdır.
Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Eyni zamanda, mövcud beynəlxalq peşəkar mühasibat sertifikatlarına malik olan namizədlər qanunvericilikdə nəzərdə tutulmuş hallarda imtahanın birinci mərhələsindən azad edilirlər.
İmtahanda iştirak etmək istəyən namizədlər ali təhsil haqqında diplomun surətini, yaxud iqtisadi sahə üzrə orta ixtisas təhsili haqqında diplomun və mühasibatlıq sahəsində azı beş illik iş stajını təsdiq edən sənədlərin surətlərini təqdim etməlidirlər.
Buraxılış vərəqələri imtahana 3–4 gün qalmış DİM-in saytında yerləşdiriləcək. PMS imtahanları ilə bağlı suallar isə [email protected] elektron poçt ünvanına göndərilə bilər.