Pirallahıda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü qeyd edilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü ilə əlaqədar ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. YAP Pirallahı rayon təşkilatı idarə heyətinin təsdiq etdiyi tədbirlər planına əsasən son həftə ərzində Çilov, Neft Daşları qəsəbələrində bayram tədbirləri keçirilmiş, yaşıllaşdırma kampaniyası təşkil edilmişdir.
Partiyanın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş növbəti bayram tədbiri Pirallahı qəsəbəsində keçirmişdir. YAP Pirallahı rayon təşkilatının Pirallahı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, deputat Rauf Əliyev, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, partiya fəalları iştirak etmişlər.
YAP Pirallahı rayon təşkilatından AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov partiyanın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nüfuzlu siyasi təşkilata çevrildiyini söyləmişdir. O, demişdir ki, tarixi zərurətdən yaranan və bu gün 600 mindən çox üzvü olan partiya çətin, eyni zamanda, şərəfli yol keçməklə yanaşı, ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən siyasi təşkilatdır. YAP-ın ideyalarına, Azərbaycan dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər.
Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov zamanın çətin sınaqlarından şərəflə çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycan dövlətçiliyinə, partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına sadiq olmuşdur. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür. Yarandığı gündən Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əmin-amanlıq, milli həmrəylik və demokratiyanın bərqərar edilməsini, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini, hüquqi dövlətin yaranmasını, geniş demokratik islahatların həyata keçirilməsini qarşısına məqsəd qoymuşdur.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, deputat Rauf Əliyev və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının 21 ildə keçdiyi yoldan, ölkənin taleyində həlledici rol oynayan qüdrətli siyasi qüvvə kimi özünü təsdiq etməsindən, bu illər ərzində Azərbaycanın qazandığı böyük uğurlarda Yeni Azərbaycan Partiyasının, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əvəzolunmaz xidmətlərindən danışmışlar.
Tədbir konsert proqramı ilə başa çatmışdır.