ELM VƏ TƏHSİL
“Polad təqaüd” layihəsinin qalibləri müəyyən edilmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). “Azərbaycan Metallurqlar Cəmiyyəti” İctimai Birliyi “Polad təqaüd” adlı yeni sosial layihəsini reallaşdırmağa başlamışdır. “Baku Steel Company” MMC-nin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün nəzərdə tutulmuşdur.
AzTU-dan AZƏRTAC-a bildirmişlər ki, həmin layihə çərçivəsində keçirilən müsabiqədə uğur qazanan tələbələrə müəyyən məbləğdə təqaüd ayrılacaqdır. Metallurgiya sahəsində ixtisaslı kadrların hazırlanmasında maraqlı olan “Baku Steel Company” MMC gələcəkdə həmin tələbələrin xaricdə təhsil alması və işlə təmin olunması məsələsini də öhdəsinə götürmüşdür.
İki mərhələdə keçirilmiş müsabiqədə AzTU-nun beş fakültəsindən 62 tələbə “Polad təqaüd” uğrunda mübarizə aparmış, 16 tələbə qalib hesab edilmişdir.
“Baku Steel Company” MMC-nin Müşahidə Şurası nümayəndələrinin iştirakı ilə dekabrın 27-də Azərbaycan Texniki Universitetində layihənin qalibləri ilə görüş keçirilmişdir.
Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov ölkəmizdə metallurgiya sənayesinin inkişafından və həmin sahə üçün yüksəkixtisaslı kadrlar hazırlanmasının əhəmiyyətindən danışmışdır.
“Azərbaycan Metallurqlar Cəmiyyəti” İctimai Birliyinin sədri, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının rəhbəri Rasim Məmmədov ölkəmizdə metallurgiya sənayesinin inkişaf perspektivlərindən söz açaraq demişdir ki, hazırda sənayenin bu sahəsinin inkişafı ilə əlaqədar geniş proqram həyata keçirilir. Daşkəsəndə Azərbaycan dağ-mədən filizsaflaşdırma kombinatı və Zəylik alunit mədənində filiz istehsalının intensivləşdirilməsi və Gəncə şəhərində yeni metallurgiya müəssisələrinin yaradılması ilə bağlı proqramlar həyata keçirilir. İstehsalat sahələrini yüksəkixtisaslı kadrlarla təmin etmək hazırda aktual məsələlərindəndir.
Layihənin qaliblərinə sertifikatlar və elektron təqaüd kartları təqdim olunmuşdur.
Görüşdə “Baku Steel Company” MMC ilə AzTU arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.