Politoloq: Azərbaycan strateji hədəflərinə istiqamətlənmiş xarici siyasət kursunu bu il də davam etdirəcək
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına növbəti müsahibə verib. Təxminən bir il əvvəl də dövlətimizin başçısı bu formatda müsahibə vermişdi. Müsahibədə Azərbaycanın daxili və xarici siyasəti, strateji inkişafı, iqtisadi-sosial islahatlar və eləcə də qarşıda duran məqsədlərin müəyyən olunması baxımından çox vacib elementlərə toxunuldu. Maraq doğuran əsas məsələ hazırda bölgədə Azərbaycanla Ermənistan arasındakı münasibətlər, sülh gündəliyi və regional güclərin bölgədə maraqları ilə bağlı mövzuların şərh edilməsi oldu. Azərbaycan vətəndaşları bir daha tam şəkildə əmin oldular ki, 2020-ci ildə qazanılmış Qələbənin bizə verdiyi üstünlükdən irəli gələn prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Milli maraqlarımızın və təhlükəsizliyin təmin olunması üçün siyasi, iqtisadi və hərbi islahatların həyata keçirilməsi davam edir. Ermənistan və ona havadarlıq edən siyasi dairələrin, dövlətlərin və qrupların ambisiyalı siyasi manevrlərinin yerdə implementasiya olunmasının qarşısı uğurla alınır. Erməni işbazlar tərəfindən Azərbaycan ekologiyasına vurulmuş ziyanın qarşısının alınması üçün aksiya keçirən azərbaycanlı ictimai fəalların və ekoloqların fəaliyyətinə yüksək qiymət verildi və bu, “ədalət uğrunda aparılan mübarizə” kimi qiymətləndirildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
Dövlətimizin başçısının müsahibədə, həmçinin Qərbi Azərbaycana qayıdış strategiyası, Zəngəzur dəhlizinin açılması və ölkədə yeni idarəetmə mexanizminin qurulması ilə bağlı da vacib məqamlara toxunduğunu deyən politoloq bildirib: “Ümumilikdə Prezident İlham Əliyev tərəfindən şərh edilən məsələlər 2023-cü il üçün qarşıda duran məqsədlərə çatmaq üçün nəzərdə tutulan strateji addımları və yol xəritəsini müəyyənləşdirdi. Azərbaycanın builki hədəflərinə çatması məqsədilə iqtisadi və hərbi qüdrətinin artırılması, yeni əməkdaşlıq platformalarının işlənməsi, Qərb və Şərqdə yeni tərəfdaşlarla münasibətlərin qurulması və siyasi dividendlərə hesablanan enerji diplomatiyasının davam etdiriləcəyi də xüsusilə vurğulandı. Baş verən qlobal dəyişikliklər fonunda yeni iqtisadi və nəqliyyat imkanlarının inkişaf etdirilməsi, Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə etməklə Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində yükdaşımaların həcminin artırılması da əsas məqsədlər sırasında olması bildirildi”.
Amid Əliyev vurğulayıb ki, dövlətimizin başçısının 2023-cü il üçün Azərbaycanın həm regionda, həm də beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi üçün lazımi iqtisadi, siyasi, hərbi və diplomatik imkanların yetərli qədər olmasını bəyan etməsi onu deməyə əsas verir ki, bu il də Azərbaycan özünün strateji hədəflərinə istiqamətlənmiş xarici siyasət kursunu davam etdirəcək, sülh gündəliyini təşviq edəcək, daxili sosial inkişaf təmin olunacaq. Ermənistanla sərhədlərin müəyyən edilməsi, reinteqrasiya prosesləri, qanunsuz silahlı birləşmələrin ərazidən çıxarılması və Zəngəzur dəhlizinin açılması kimi mühüm məsələlərdə israrlı tələblərimiz daha da sərt şəkildə davam etdiriləcək.