SİYASƏT
Politoloq: Ermənistanın Azərbaycanla sülh müzakirələri neoimperialist dairələri narahat edir
![Politoloq: Ermənistanın Azərbaycanla sülh müzakirələri neoimperialist dairələri narahat edir](/files/2023/3/1200x630/17016841562426510444_1200x630.jpg)
Bakı, 4 dekabr, AZƏRTAC
Ermənistanın Azərbaycanla sülh müzakirələri və ölkələr arasında ehtimal olunan saziş bəzi neoimperialist dairələri ciddi şəkildə narahat edir.
Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
O deyib: “Faktiki müşahidə edilən odur ki, Qərb dövlətləri guya sülhə dəstək olduğunu bildirsə də, əslində Ermənistanı əlaqələrin normallaşmasından uzaqlaşdırırlar. İlin sonuna qədər sülhlə bağlı Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər Ermənistan tərəfindən qəbul olunmuş görünsə də, rəsmi İrəvandan siyasi rıçaq kimi istifadə edən qüvvələr prosesin “ölü nöqtədən” tərpənməməsi üçün əllərindən gələni əsirgəmirlər. Sülhün aktuallaşdığı və delimitasiya komissiyalarının görüşlərinin keçirilməsi fonunda Fransanın Ermənistanı silahlandırması, ABŞ-ın bütün vasitələrlə Azərbaycana qarşı haqsız dezinformasiya hücumları sülh prosesinə əngəl törədir. Qərb şəbəkələri hazırda Ermənistan cəmiyyəti içərisində Azərbaycan əleyhinə aqressiv ritorikanın qalmağında maraqlı tərəf kimi görünür. Ermənistanın sülh prosesi ilə bağlı qeyri-səmimi mövqeyi həm də bir daha nümayiş etdirir ki, bu ölkənin normal siyasi baxışları mövcud deyil. Ermənistan dövlətçiliyi sanki formal xarakter daşıyan bir strukturdur. Belə ki, xarici güc mərkəzlərinin Ermənistanın qərarlarına ciddi təsirləri də var. Bütün bunlar isə regionu təhdid edən vacib amillərdir”.
Ermənistanın regional layihələrdə iştirakını istəməyən Qərbin Ermənistandakı anti-Rusiya ritorikasını gücləndirdiyini diqqətə çatdıran politoloq əlavə edib: “Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı pozitiv mövqeyi də Qərbi narahat edir. Həmçinin Qərb Ermənistanı rəsmi Moskvaya qarşı qızışdırmaqla regional platformaları da sabotaj etmək məqsədi güdür. Ümumiyyətlə, bu bölgənin əsas güclərinin koordinasiyalı fəaliyyətinin və regional əməkdaşlığının pozulması Ermənistandan təsir aləti kimi istifadə etmək istəyən müstəmləkəçi Fransa və ABŞ mərkəzli qüvvələrin əsas hədəflərindəndir. Bundan əlavə, Ermənistanı sülhdən yayındıranlar, regionda qızışdıranlar heç Ermənistan xalqını da düşünmürlər. Əksi olsaydı, Fransa Ermənistanı silahlandırmaz, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və oxşar fondlar bu ölkəni dəstəkləməzdi”.
Tural İsmayılov qeyd edib ki, Ermənistanın dövlət kimi mövcudluğu təkcə Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır. Ermənistan bunu dərk edərək ya regionda əməkdaşlığa çalışacaq, ya da bu ölkənin siyasi alət kimi istifadəsi davam edəcək. Ermənistanın bir dövlət olaraq düşdüyü çətin iqtisadi vəziyyətdən və siyasi xaosdan yeganə qurtuluşu Azərbaycanla sülhdən keçir. Ermənistan iradə göstərməli, Türkiyə ilə münasibətləri normallaşdırmalı, eyni zamanda, regional əməkdaşlıqdan imtina etməyərək bölgənin güc mərkəzləri ilə hesablaşmağı bacarmalıdır.