Politoloq: Kanada həll olunmuş münaqişəni qızışdırmaq üçün riyakar siyasət yürüdür
Bakı, 25 sentyabr, AZƏRTAC
Kanadanın beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalan Azərbaycanı demokratiya və ya insan haqları məsələsində ittiham etməyə haqqı yoxdur. Bu ölkənin xarici işlər naziri Melani Jolinin Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatları heç bir diplomatik əndazəyə sığmır. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsindən guya məcburi şəkildə çıxarılması barədə nağıllara artıq heç kim inanmır. Dünya artıq Azərbaycanın yaratdığı reallıqları qəbul edib. Bu reallıq ondan ibarətdir ki, biz antiterror əməliyyatları zamanı mülki ermənilərin Qarabağda qalıb yaşamaları üçün hər cür şərait yaratdıq. Amma onlar könüllü olaraq burada qalmaq istəmədilər. İndi hansısa dairələrin bundan sui-istifadə edərək aranı qızışdırmağa çalışması yolverilməzdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.
O bildirib ki, Kanada həll olunmuş münaqişəni yenidən qızışdırmaq üçün “öz müqəddəratını təyinetmə” prinsiplərini gündəmə gətirməklə riyakar siyasətini ortaya qoyur: “Kanada özünün keçmişinə nəzər salsa, daha biabırçı mənzərə ilə üz-üzə qalar. 2009-cu ildə Kanadanın Saskaçevan əyalətinin yerli icması 751 ədəd kimsəsiz məzar aşkarlamışdı. Məzarların əksəriyyəti azyaşlılara məxsus idi. Məlum olmuşdu ki, meyitlər Kanada hökumətinin yerli əhali üzərində həyata keçirdiyi soyqırımının qurbanlarına məxsusdur. Avropa müstəmləkəçiləri - Britaniya, Fransa və İspaniya bu əraziləri işğal edərkən kütləvi qırğın siyasəti həyata keçirib. Onların diskriminasiya siyasətinə tabe olmayan yerli əhali öldürülürdü. Bu gün Kanadada yerli əhali demək olar ki, qalmayıb. XVIII əsrdən başlayaraq yerli Kanada əhalisi tədricən sıradan çıxarıldı. Bu işdə müstəmləkə dövlətlərinə katolik xristianlar da yaxından kömək göstərirdilər. Xalqları zorla tabe etdirmək üçün dini amildən istifadə olunurdu. “Ali irqə” uyğunlaşdırmaq üçün yerli əhalinin uşaqları zorla ailələrindən alınır, kilsələrə verilirdi. Burada onlar keşişlərin hər cür iyrənc əməlləri ilə üzləşirdilər. “Vəhşi hindular” adı altında yerli əhali qul kimi işlədilirdi, əmrə tabe olmayanları sərt cəza gözləyirdi. Bişop Orden Memorial İnternat Məktəbində təhsil alan qızlar və oğlanlar katolik keşişlərin əyləncə obyektlərinə çevrilmişdilər. Bununla bağlı təkzibolunmaz tarixi faktlar mövcuddur. 2008-ci ildə Kanada hökuməti tarixi cinayətlərini etiraf etməli oldu. Müəyyən olundu ki, 1883-1996-cı illərdə 150 internat məktəbində yerli xalqlara aid 150 min uşaq zorlanıb, öldürülüb. Kanada hökuməti bu cinayətləri araşdıran komissiyanın işini əngəlləmək üçün bütün inzibati rıçaqlarından istifadə etdi və istəyinə nail oldu. Bu cür ləkəli tarixə malik olan bir ölkənin Azərbaycanı Qarabağdakı ermənilərin hüquqlarını pozmaqda günahlandırması gülünc doğurur”.
Rəsmi Bakının Kanada XİN rəhbərinin qərəzli bəyanatına tutarlı cavab verdiyini diqqətə çatdıran politoloq əlavə edib: “Azərbaycan 2023-cü ildə Qarabağ bölgəsində tam suverenliyini bərpa edib, Ermənistan silahlı qüvvələrinin bölgədə qanunsuz mövcudluğuna son qoyulub, separatçı rejim özünü buraxıb. Otuzillik işğal müddətində Ermənistana güldən ağır söz deməyən, separatçıları bəsləyən Kanada hökumətinin rəsmisi erməni yalanlarını müdafiə etmək əvəzinə öz ayıblarına kor olmalıdır”.